Wallabilər, əsasən, otlar və digər bitkilərlə qidalanırlar. Onların uzunsov üz quruluşu və düz dişləri bitki mənşəli qidaları çeynəmək və həzm etmək üçün formalaşıb.
Wallabilər Macropus cinsinə aid olan kisəlilərdir və kenquru fəsiləsinə daxildirlər. Bütün kisəlilər kimi onların balaları da inkişaf etməmiş halda doğulur və bir neçə ay analarının kisəsində böyüyür.
Əsasən, Avstraliyada yayılmış wallabilər yaşayış mühitlərinə görə müxtəlif növlərə ayrılır. Bunlara kol wallabiləri, qaya wallabiləri və meşə wallabiləri daxildir. Dovşan wallabiləri isə kiçik ölçüsü və dovşana bənzər xüsusiyyətləri ilə seçilir. Fırçalı wallabilər kenqurulara oxşayır və uzunluğu 45–105 sm arasında dəyişir. Qaya wallabiləri olduqca çevikdir və tük rəngi qəhvəyi, boz və müxtəlif çalarlarda ola bilər. Meşə wallabilərinin vətəni Yeni Qvineyadır, bu qrupa daxil olan cırtdan wallabi ən kiçik növdür və uzunluğu 46 sm-ə çatır. Ümumilikdə, 11 növ kenquru, altı növ qaya kenqurusu, iki dovşan kenqurusu və üç meşə kenqurusu mövcuddur.
Wallabilər kiçik və orta ölçülü məməlilərdir. Uzun məsafələri qət etmək üçün güclü arxa ayaqlara malikdirlər. Həmçinin yüksək sürətlə hərəkət edərkən tarazlıqlarını qorumaq üçün quyruqlarından istifadə edirlər. Təhlükə hiss etdikdə kenqurular kimi arxaya çəkilir və arxa ayaqları ilə təpik vuraraq özlərini müdafiə edirlər.
Mənbə: 411answers.com
Tərcümə etdi: Gülçin Abdullayeva
