Bu gün:

Musiqi seçimimizin yemək sürətinə təsiri nələrdir?


Yemək zamanı dinlədiyiniz musiqi növü iştahınıza təsir edə bilər. Məsələn, klassik musiqi sakitləşdirici təsir göstərərək yemək yemə sürətinizi azalda bilər. Musiqi həyatımızın hər sahəsində mövcuddur – sevindiyimiz zaman səsi artırıb dinləyirik, kədərləndikdə isə bəzi mahnılarda özümüzü tapa bilirik.


Dinlədiyimiz musiqi növü şəxsiyyətimiz haqqında ipucu verə bilər. Bundan əlavə, musiqi birbaşa olmasa da, yemək və içmə vərdişlərimizə təsir edə bilər. Bəzi musiqi növləri qida qəbulunu artırarkən, digərləri onu azalda bilər və bu da çəkiyə təsir göstərə bilər. Məsələn, klassik musiqinin daha zərif zövqlərə malik insanlar tərəfindən seçildiyi düşünülür və görünür ki, bu seçim onların yemək vərdişlərinə də təsir edir. 


Son aparılan bir araşdırma, klassik musiqi dinləyən insanların az yağlı qidalara üstünlük verdiklərini və daha az kalori qəbul etdiklərini göstərib. London Universitet Kollecinin mütəxəssisləri daxil olmaqla bir qrup tədqiqatçı, arıqlamağın sirrinin yemək zamanı klassik musiqi dinləmək ola biləcəyini düşünürlər. Brain Topography jurnalında dərc olunan məlumatlar, rahatlaşdırıcı musiqinin iştahı azaltdığını, şən musiqilərin isə iştahı artıran əvvəlki tədqiqatları dəstəklədiyini ortaya qoyur. Yemək zamanı caz, rep və ya rok musiqilərinə qulaq asmaq bizə daha qeyri-sağlam və kalorili qəlyanaltılara üstünlük verməyə təşviq edir.


Tədqiqatçılar düşünürlər ki, daha yavaş templi, rahatlaşdırıcı klassik musiqi beynin aclıq hissi yaradan hissələrindəki fəaliyyəti azalda bilər. Bəzi tədqiqatlar göstərir ki, aşağı və yüksək səsli musiqi insanların sağlam qidalara olan üstünlüklərinə təsir edir, bu da musiqi və yemək arasında potensial əlaqənin olduğunu göstərir. Klinik psixoloq Gözde Göktaş, musiqi kimi ətraf mühit faktorlarının yemək vərdişlərimizə düşündüyümüzdən daha çox təsir edə biləcəyini vurğulayır. O, musiqinin əhval-ruhiyyə, stress səviyyəsi və şüurlu düşüncə üzərində əhəmiyyətli təsir göstərdiyini bildirərək, yemək davranışlarımızın əsasən psixoloji və emosional şəkildə formalaşdığını qeyd edib.


Təsəvvür edin ki, bir kafeyə gedirsiniz və fon musiqisi çalınır; bu musiqi yemək sürətinizi artırmağa səbəb ola bilər, amma bunu fərqinə varmadan edirsiniz. Musiqi, yemək vərdişlərimizə həm fiziki, həm də psixoloji olaraq təsir göstərir. Buna görə də, bəzi restoranlar daha sürətli musiqi çalaraq müştərilərin yeməklərini tez bitirmələrini və masaların sürətlə boşalmasını təmin etməyə çalışırlar. Digər tərəfdən, klassik musiqi kimi yavaş və sakit melodiyalar yemək sürətimizi azalda bilər. Yavaş yemək, toxluq hissini vaxtında hiss etməyə və buna görə də daha az yeməyə kömək edir.


Mənbə: Hüriyyet


Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et