Bu gün:

Duyğuların fiziki xəritəsi kəşf edilib


Qorxu, sevgi və utanc kimi 14 duyğu bədənimizə harada təsir edir?

Son araşdırmalar insan duyğularının təkcə zehni deyil, həm də fiziki ölçülərə malik olduğunu ortaya çıxarıb. İştirakçıların emosiyaları bədənlərinin müxtəlif nahiyələrində hiss edilsə də, 14 ümumi duyğu üçün fərqli reaksiyalar tərtib edilib.


Duyğular insan təcrübəsinin ayrılmaz hissəsidir və fərdlərin həyatı, onların sosial qarşılıqlı əlaqəsini və psixoloji vəziyyətlərini necə qavramasına dərindən təsir göstərir. Son illərdə aparılan araşdırmalar göstərib ki, emosiyalar təkcə psixi vəziyyətə deyil, həm də fiziki ölçüyə malikdir.


İnsan orqanizmi müxtəlif duyğulara uyğun olaraq müəyyən fizioloji reaksiyalar göstərir. Bu reaksiyalar emosional təcrübələrin bədəndə necə əks olunduğunu anlamağa kömək edir. Bu baxımdan, insan duyğularının fiziki xəritəsi üzərində aparılan tədqiqatlar emosiyaların bədəndə necə hiss edildiyini və zamanla necə dəyişdiyini öyrənir.


İnsan emosiyalarının fiziki xəritəsi

Məsələn, xoşbəxtlik insan bədənində hərarətli və xoş hisslər dalğası kimi təzahür edir, bədən isə qorxudan sevgiyə və utanmaya qədər 14 müxtəlif ümumi duyğuya cavab verir. Bu reaksiyaları göstərən xəritə bu yaxınlarda tədqiqatçılar tərəfindən yaradılıb.

Tədqiqatçılar iştirakçılardan müəyyən bir emosiya haqqında düşünmələrini və bu duyğunun bədənlərinə təsir etdiyi boş bir siluet üzərində rəsm çəkmələrini istəyiblər. Hər bir fərdin çəkdiyi rəsm fərqli görünsə də, orta hesabla alındıqda, 14 duyğunun hər biri üçün fərqli nümunələr ortaya çıxıb.


Məsələn, xoşbəxtlik bədənin demək olar ki, bütün bölgələrində enerjinin artmasına səbəb olur. Sevgi isə bədənin əksər hissəsində güclü bir istilik və fəaliyyət hissi yaradır. Qorxu sinə nahiyəsində sıxlıq və güclü axın kimi hiss edilir. Qəzəb əsasən qollarda və əllərdə güclü enerjinin toplanması ilə özünü büruzə verir. Depressiya isə bədəndə uyuşma və hərəkətsizlik hissi yaradır, bu da vizual xəritələrdə mavi tonlarla ifadə edilir.


Tarixi emosional təcrübələr

Bu yaxınlarda insan duyğularının fizioloji vəziyyətinin zamanla dəyişib-dəyişmədiyini araşdırmaq üçün aparılan araşdırmada qədim Mesopotamiya mətnlərindəki təxminən bir milyon söz araşdırılıb. Eramızdan əvvəl 934-612-ci illər arasında yazılmış bu mətnlərdə insanların öz bədənlərində duyğuları necə hiss etdiyini təsvir edən sözlər axtarılıb.


Tədqiqatın həmmüəllifi və koqnitiv nevroloq Juha Lahnakoski deyir: "Qədim Mesopotamiyanın xoşbəxtlik bədən xəritəsini müasir bədən xəritələri ilə müqayisə etsəniz, qaraciyərdəki fərqli parlaqlıq istisna olmaqla, oxşarlıq görərsiniz". Müasir insanların qəzəbi bədənlərinin yuxarı hissəsində və əllərində, qədim insanların isə ayaqlarında “istilik”, “qəzəb” və ya “nifrət” hiss etdikləri aşkar edilib.


Araşdırmalara görə, sevginin hiss olunma üsulları da zamanla dəyişib. Müasir insanlar sevgini bütün bədəndə bir hiss olaraq ifadə etdiyi halda, qədim cəmiyyətlər bu hissi müxtəlif bölgələrlə əlaqələndirirlər. Dekabr ayında “iScience” jurnalında dərc edilən bu tapıntılar insanların duyğuları hiss etmə tərzinin təkamül etdiyini ortaya qoyur.


Mənbə: Hüriyyet


Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et