Bu gün:

Beynimizi necə gücləndirək?


Birinin adı dilinizin ucundadır, amma xatırlaya bilmirsiniz.

Mətbəxdəsiniz amma niyə orda olduğunuzu bilmirsiniz.

Bilirik ki, yaddaş illər keçdikcə zəifləyir. Amma bunu müxtəlif məşqlərlə yavaşlatmaq mümkündür.

Beyninizi gücləndirmək üçün bəzi tövsiyələr var:

1. İdman beyni inkişaf etdirir

Məşq sinir qovşaqlarının sayını artırır, beləliklə, beyində daha çox təmas nöqtələri yaradır və yeni hüceyrələrin əmələ gəlməsinə töhfə verir. Açıq havada idman etmək daha faydalıdır, çünki bu yolla siz D vitamini əldə edirsiniz.

Yeni bir yer görmək və ya başqası ilə fikir mübadiləsi aparmaqla məşq etmək beyninizdə yeni hüceyrələrin möhkəm dövrələr qurması ehtimalını artırır.

2. Yolda əzbərləmə texnikası

Bu, araşdırmalarla sübut edilmiş və uzun illər aktyorlar tərəfindən istifadə edilən bir texnikadır. Yeriyərək mətni yadda saxlamağa çalışsanız, məlumat beyninizdə daha qalıcı ola bilər. Tutaq ki, siz təqdimat etməli, imtahana hazırlaşmalısınız və ya işinizi beyninizdə yerinə yetirməlisiniz. Gəzərək və ya rəqs edərək bu barədə düşünməyə çalışın.


3. Yeni şeyləri sınayın

Beyninizi yeni şeylər etməyə və ya öyrənməyə istiqamətləndirərək inkişaf etdirə bilərsiniz. Məsələn, incəsənət sahəsində kursa yazılmaq və ya yeni dil öyrənmək beyninizin çevikliyini artıracaq.


4. Musiqi beyin üçün qidadır

Musiqinin beyinə çox xüsusi təsir etdiyini göstərən tapıntılar var. Musiqi dinləyən və ya musiqi səsləndirən birinin beyninə baxdıqda demək olar ki, bütün beyninin aktiv olduğunu görərsiniz. Musiqi, ümumiyyətlə, qavrama qabiliyyətini artıra bilər. Bundan əlavə, musiqi çox vaxt demans kimi beyin xəstəliklərində itirilən son məlumatdır.


5. Nizamlı yuxu

Gün ərzində yeni bir şey öyrəndiyiniz zaman beyninizdəki sinir hüceyrələri arasında əlaqə yaranır. Yatdığınız zaman bu əlaqə güclənir və öyrəndikləriniz yaddaşınızın bir hissəsinə çevrilir. Buna görə də, yuxu yaddaşın gücləndirmək üçün həqiqətən vacibdir.

Məsələn, bir nəfərə səhər əzbərləmək üçün siyahı, digərinə isə yatmazdan əvvəl əzbərləmək üçün bir siyahı verin. Ertəsi gün soruşduqda, yatmazdan dərhal əvvəl əzbərləyən adam məlumatı daha yaxşı xatırlayacaq.

6. Necə oyandığınız da önəmlidir

Yuxunun nə qədər vacib olduğunu hamımız bilirik. Beş saatdan az yatsanız, zehni qabiliyyətləriniz zəifləyəcək, 10 saatdan çox yatsanız, başgicəllənmə hiss edəcəksiniz.

Ancaq necə oyandığınız yuxunun müddəti qədər vacibdir.

İdeal olan qaranlıq otaqda yatmaq və tədricən artan işıqla oyanmaqdır. Bu işıq qapalı göz qapaqlarınızdan sızır və beyni səhərə hazırlayır.  Bu, idarə olunan şəkildə daha çox kortizol ifraz etməyə imkan verir.

Oyandığınız zaman bədəninizdəki kortizol hormonunun miqdarı beyninizin həmin gün necə işləyəcəyini müəyyən edir.


Mənbə: BBC

Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et