Bu gün:

Sinesteziya nədir?


Sinesteziya insanların bir hissi digəri ilə əlaqələndirdiyi nadir və qeyri-adi nevroloji vəziyyətdir. Məsələn, bəzi insanlar müəyyən bir səs eşitdikdə rənglər görür, hərf və rəqəmlər onlar üçün müxtəlif rənglərdə məna qazanır və ya bəzi sözləri dinlədikdə ağızlarında bir dad hiss edirlər. Sinesteziya insandan insana dəyişə bilən çox maraqlı bir təcrübə hesab olunur.

Sinesteziyanın növləri

Sinesteziya müxtəlif yollarla özünü göstərə bilər. Ən çox yayılmış növlərdən bəziləri bunlardır:


1) Qrafem-rəng sinesteziyası: Rəqəmlərin və ya hərflərin müəyyən rənglərə malik olduğu qavrayış növü. Məsələn, sinesteta üçün "A" hərfi qırmızı, "B" hərfi mavi ola bilər.


2) Səs-rəng sinesteziyası: Müəyyən səslərin və ya musiqi notlarının rənglərlə əlaqələndirildiyi sinesteziya növü. Piano düyməsi çalındıqda insan beynində müxtəlif rəngləri təsəvvür edə bilir.


3) Dad-söz sinesteziyası: Müəyyən sözləri eşitdikdə və ya oxuyarkən ağızdakı dad hissi. Məsələn, “kitab” sözünü eşidən birinin ağzında şirin bir dad hiss edilə bilər.


4) Toxunma rəng sinesteziyası: Bir şeyə toxunarkən və ya fiziki təmasda olduqda müəyyən rənglərin qavranılması.


Bu növlərdən başqa, daha az tanınan və nadir hallarda rast gəlinən sinesteziya formaları da var. Bəzi sinestetiklər qoxuları formalarla, duyğuları isə faktura hissləri ilə əlaqələndirə bilər.


Beyindəki sinesteziyanın mənbəyi

Sinesteziyanın necə yarandığı tam bilinməsə də, bunun beynin fərqli hissələri arasındakı əlavə əlaqələrdən qaynaqlandığı düşünülür. Yəni beynin duyğu sahələri daha sıx əməkdaşlıq edir və bəzi insanlarda bir duyğu avtomatik olaraq digərini hərəkətə keçirə bilər. Bu vəziyyətin genetik ola biləcəyi və ailələrdə daha çox rast gəlindiyi də irəli sürülür. Bununla belə, sinesteziyanın hiss edilməsi və şiddəti hər insanda fərqli ola bilər.


Elmi tədqiqat və sinesteziya

Sinesteziya ilə bağlı aparılan tədqiqatlar, beynin hissiyyat proseslərini daha yaxşı anlamağa kömək edib. MRT və EEG kimi beyin görüntüləmə üsulları göstərir ki, sinesteziya yaşayan insanların beyin fəaliyyəti digərlərindən fərqlənir. Bu tapıntılar, beyində bir-biri ilə əlaqəli siqnalların və ya "artıq bağlantıların" sinesteziyaya səbəb ola biləcəyi fikrini dəstəkləyir.


Bəzi tədqiqatçılar ümid edirlər ki, sinesteziyanı daha yaxşı başa düşməklə nevroloji xəstəliklərin müalicəsi üçün yeni yanaşmalar inkişaf etdirə bilərlər.


Nadir bir hadisə olsa da, sinesteziya insan qavrayışının nə qədər çevik və hüdudsuz olduğuna dair bir nümunə olaraq elm aləmində diqqəti cəlb etməyə davam edəcək.


Mənbə: Fikrimucit

Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et