Bu gün:

İtirilmiş koloniya


İngiltərə bütün koloniyaları müəyyən məqsədlər üçün qurdu. Bəzilərində yalnız balıq ovu aparılırdı, bəzilərində məqsəd taxta-şalban idi. Gözlənildiyi kimi, bu on üç koloniya bir gündə on üç koloniyaya çevrilmədi. İlk real hərəkat 1587-ci ildə Con Uaytın rəhbərliyi altında başladı. Uayt və adamları Roanoke adasına doğru irəlilədilər. Bu ada da yuxarıda gördüyünüz xəritədə Virciniya sərhədləri daxilində idi. 1587-ci ildə koloniyasını qurduqdan sonra Uayt tədarük üçün İngiltərəyə qayıtdı, lakin geri qayıdanda heç bir şey əvvəlki kimi olmayacaqdı.

Koloniyanın yoxa çıxması

Təbii ki, Con Uayt dövrün nəqliyyat şəraitinə görə bir gündə irəli-geri gedə bilməzdi. Təxminən iki ildən sonra geri qayıdan Con Uayt qurduğu koloniyadan bir iz belə qalmadığını gördü. Ağaclara həkk olunmuş yalnız bir söz var idi: "Croatoan"

Beləliklə, Croatoan nə deməkdir? Onlar Roanoke adasının cənubunda yerləşən yerli Amerika qruplarının icması idi. Onların adından başqa heç bir işarə yox idi. Təbii ki, Con Uayt və onunla birlikdə gələnlər məəttəl qaldılar. Bu itirilmiş koloniya 112-121 fərddən ibarət idi. Onların izsiz, heç nə tapmadan yoxa çıxması olduqca maraqlı idi. Nə qan izi, nə də meyit... Bu hadisəni daha da maraqlı edirdi. Axı elə vəziyyət yaranmışdı ki, 121 nəfər birdən-birə yoxa çıxdı. Bununla belə, nə koloniya düşərgəsinin içərisində, nə də xaricində müharibə izləri və ya başqa əlamətlər tapılmadı. Ağacda həkk olunmuş qəbilə adından başqa heç bir əlamət yox idi.

Müxtəlif nəzəriyyələr baş verənləri izah etməyə çalışsa da, qəti izahat verilməyib. Bəzi nəzəriyyələr kolonistlərin yerli amerikalılarla vuruşduğunu, xəstəlikdən və ya digər təbii fəlakətlərdən öldüyünü və ya başqa yerə köçdüyünü ehtiva edir. Lakin bu hadisənin əsl səbəbi hələ də dəqiq məlum deyil və “İtirilmiş koloniya”nın sirri tarix və arxeologiya sahələrində maraqla öyrənilməkdə davam edir.


Mənbə: doğafilozofu
Tərcümə etdi: Sona Osmanova


Paylaş
Şərh əlavə et