Musiqi sərhədləri aşan universal bir dildir. O, cəmiyyətdəki fərqləri, mədəniyyət müxtəlifliklərini və hətta zamanın özünü belə aşır. Musiqi bizə çoxdan dünyasını dəyişmiş sənətkarların düşüncələrinə daxil olmağa imkan verir və eyni zamanda, öz həyatımızda zamanı qavrayış tərzimizi dəyişə bilər.

Nostalji xatirələri canlandırmaqdan tutmuş demensiyadan əziyyət çəkən insanlara kömək etməyə qədər musiqi qeyri-adi potensial nümayiş etdirir. O, həmçinin yüksək zehni fəaliyyət tələb edən mühitlərdə diqqəti və konsentrasiyanı artırmaqda mühüm rol oynaya bilər.
Musiqi və yaddaş arasında dərin bir əlaqə mövcuddur. Mahnılar və melodiyalar eşitmə yolu ilə alınan xatırlatma vasitələri kimi çıxış edərək bizə mühüm hadisələri və ya məlumatları xatırlamağa kömək edə bilər. Bunun səbəbini anlamaq üçün musiqinin arxasında duran nevrologiyanı araşdırmaq lazımdır.
Musiqi beyində yaddaş və emosiyalarla əlaqəli olan müxtəlif sahələri, məsələn, hipokampus və prefrontal korteksi aktivləşdirir. Araşdırmalar göstərir ki, “musiqi təkcə saxlanmış xatirələri geri çağırmağa kömək etmir, həm də yenilərinin formalaşmasına kömək edir”. Hər hansı bir hadisə və ya məlumatla əlaqəli bir melodiya həmin hadisənin sanki fon musiqisinə çevrilir və yenidən dinlənildikdə həmin xatirələri canlandıra bilər.
Bu fenomen demensiya xəstələrinə kömək məqsədilə tətbiq olunub. Yaddaş itkisi demensiyanın əsas simptomlarından biridir və insanın keçmiş hadisələri xatırlamaq və ya yeni məlumat öyrənmək bacarığını zəiflədə bilər. Maraqlıdır ki, musiqi terapiyası bu şəxslərin yaddaşını stimullaşdırmaq üçün dəyərli bir vasitə kimi ortaya çıxıb.
Tədqiqatçılar aşkar ediblər ki, demensiya xəstələri, digər yaddaş formaları ciddi şəkildə zəifləsə belə, musiqi ilə bağlı xatirələri qoruyub saxlaya bilirlər. Xəstənin keçmişindən gələn musiqi çox vaxt unudulmuş xatirələri yenidən üzə çıxara bilir. Bu, xəstəliyin müalicəsi olmasa da, demensiya ilə yaşayan insanlar üçün həyat keyfiyyətini artıran qiymətli bir terapiya vasitəsidir.
Musiqinin idrak funksiyalarımızla əlaqəsi maraqlı və geniş tədqiqat sahəsidir. Araşdırmalar göstərir ki, musiqi yaddaşın geri çağırılmasını gücləndirə, diqqət və konsentrasiyanı artırmağa kömək edə bilər. İstər imtahana hazırlaşarkən, istər bir layihə üzərində işləyərkən, istərsə də xoş xatirələri xatırlayarkən, musiqinin güclü təsirindən faydalanmaq mümkündür.
Mənbə: Levine music
Tərcümə etd: Arzu Qafarova
