Bu gün:

Yuxu çatışmazlığının növləri və səbəbləri


Gecəni tam yatmağınıza baxmayaraq səhər yorğun və tükənmiş hiss etdiyiniz halları nə qədər tez-tez yaşayırsınız? Hər kəs həyatında ən azı bir dəfə yuxusuzluğun və yuxu çatışmazlığının təsirlərini hiss edib və bu da insanları onun uzunmüddətli təsirləri və mümkün həll yolları barədə düşünməyə vadar edib.

Bəzi insanlar üçün yuxu çatışmazlığı bir növ qürur mənbəyinə çevrilib— sanki bu onların eyni anda bir neçə işin öhdəsindən gəldiyini və çox çalışdığını göstərir. Ancaq qeyd etməliyik ki, bu, heç də yaxşı bir şey deyil.

Yuxu borcumuz- Keyfiyyətsiz yuxu nəticəsində itirdiyimiz ümumi istirahət müddəti  bir çox cəhətlərdən bizə mənfi təsir göstərə bilər. Yuxu borcu, digər hər şey kimi, müəyyən bir bədəllə gəlir. Konkret olaraq, yuxu çatışmazlığı əhvalımıza mənfi təsir edə və idrak pozğunluğuna səbəb ola bilər.

Sadə dillə desək, beynimiz keyfiyyətli yuxuya ehtiyac duyur. Yuxu çatışmazlığının gündəlik fəaliyyətimizə necə təsir etdiyini araşdırdıqda yaxşı yatmağın nə qədər vacib olduğu aydın olur. Həddindən artıq yuxusuzluq hətta məntiqli və aydın düşünən bir insanı qeyri-adi şəkildə davranmağa vadar edə bilər. Bəzi hallarda isə hətta tamamilə qəribə hərəkətlər etməyə səbəb ola bilər.

Yuxu çatışmazlığı nədir?

Yuxu çatışmazlığı insanın kifayət qədər yuxu almadığı zaman baş verir.

Bəs “kifayət qədər yuxu” nə deməkdir?

Əksər yetkin insanlar üçün hər gecə ideal olaraq 7-9 saat keyfiyyətli yuxu tələb olunur.

Yuxu çatışmazlığı özü-özlüyündə bir yuxu pozğunluğu olmasa da, müəyyən yuxu problemlərinin və ya başqa sağlamlıq problemlərinin əlaməti ola bilər. Buna iş, ailə və ya gözlənilməz həyat çətinliklərinin yaratdığı stresslər də daxildir ki, bu da insanın rahat yatmasına mane ola bilər.

Yuxu çatışmazlığının iki əsas növü var:

• Kəskin yuxu çatışmazlığı

• Xroniki yuxu çatışmazlığı

Kəskin yuxu çatışmazlığı insanın yuxu rejiminin qısamüddətli pozulması nəticəsində baş verir. Məsələn, kimsə vacib bir imtahana hazırlaşmaq üçün bütün gecəni oyaq qalırsa və ya sevimli serialını fasiləsiz izləyərək gec saatlara qədər yatmırsa, bu vəziyyət meydana çıxır.

Xroniki yuxu çatışmazlığı insanın uzun müddət— həftələr, aylar və ya hətta illər boyu yetərsiz yuxu alması nəticəsində yaranır.

Yuxu çatışmazlığı və əsas yuxu pozğunluqları

Əgər nə qədər yatmağımızdan asılı olmayaraq səhər yorğun və halsız oyanırıqsa və gün ərzində yuxu çatışmazlığının əlamətlərini hiss ediriksə, bu, yuxu apnesi kimi bir yuxu pozğunluğunuzun ola biləcəyinə işarə edə bilər.

Obstruktiv yuxu apnesi olan insanlar yuxu zamanı hava yollarının qismən və ya tamamilə bağlanması ilə üzləşirlər. Bu bloklanma nəfəsalmada fasilələr yaradır, bədənin oksigen səviyyəsini azaldır və dərin, rahat yuxuya mane olur. Nəticədə, hər gecə kifayət qədər yatmış olsanız belə, xroniki yuxu çatışmazlığı yaşaya bilərsiniz.

Mənbə: Sleep Centers of Middle Tennessee

Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et