Avstraliyadakı kiçik pinqvinlərin çoxalma davranışlarını araşdıran tədqiqat partnyorlarını tərk edən pinqvinlərin növbəti mövsümdə daha aşağı çoxalma müvəffəqiyyəti göstərdiklərini bildirib. Boşanma nisbətlərinin yüksək olması koloniyanın ümumi çoxalma müvəffəqiyyətinə mənfi təsir edib.
Avstraliya və Yeni Zellandiyada yaşayan kiçik pinqvinlər dəniz quşlarının ən kiçik növü olaraq tanınır. Dünyadakı ən böyük kiçik pinqvin koloniyasına sahib olan Avstraliyanın Filippin Adasında alimlər bu növün çoxalma davranışlarını daha yaxşı başa düşmək məqsədilə 10 ildən çox bir müddət ərzində genişmiqyaslı tədqiqat aparıblar.
2000-2012-ci illəri əhatə edən və 13 çoxalma mövsümündən ibarət olan tədqiqatın nəticələri "Ecology and Evolution" jurnalında nəşr edilib. Tədqiqatın nəticələrinə görə partnyorlarını tərk edən pinqvinlərin növbəti mövsümdə çoxalma müvəffəqiyyətlərinin aşağı olduğu aşkar edilib. Monash Universitetindən Richard Reina kiçik pinqvinlərin, ümumiyyətlə, partnyorlarına bağlı olduqlarını, ancaq uğursuz keçən bir çoxalma mövsümündən sonra yeni partnyor axtardığını bildirib.
Tədqiqatçılar minlərlə pinqvini araşdıraraq ümumilikdə 250 boşanma halı qeydə alıblar. Boşanma nisbətinin daha aşağı olduğu mövsümlərdə daha çox bala dünyaya gəldiyi müəyyən edilib. Lakin bir mövsümdə boşanma nisbətinin artması koloniyanın ümumi çoxalma müvəffəqiyyətində azalma ilə nəticələnib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Gülçin Adullayeva