Bu gün:

Dəsmallar səhhətimiz üçün təhlükəyə çevrilə bilər?


Evdə istifadə etdiyimiz dəsmallar düşündüyümüzdən daha təhlükəli ola bilər. Hər gün əllərimizi, üzümüzü və bədənimizi qurulamaq üçün istifadə etdiyimiz dəsmallar bakteriya mənbəyinə çevrilir. Bu bakteriyaların bəziləri zərərsiz olsa da, bəziləri müxtəlif xəstəliklərin yayılmasına səbəb ola bilər. Araşdırmalar göstərir ki, dəsmallar dərimizdəki və bağırsaqlarımızdakı bakteriyalarla, həmçinin havada olan mikroblarla çirklənir. Uzun müddət yuyulmadıqda bu mikroblar dəsmallar üzərində bioloji təbəqə əmələ gətirir və dəsmalların rənginin dəyişməsinə səbəb olur.

Mütəxəssislər tövsiyə edir ki, dəsmallar həftədə bir dəfə 40-60°C temperaturda yuyulsun. Xəstəlik hallarında isə dəsmalların hər gün ayrıca yuyulması vacibdir. Yuyucu vasitələrdən istifadə mikrobların yayılmasının qarşısını almağa kömək edir. Günəş işığında qurudulması da bakteriyaların məhv olmasında təsirlidir. Gigiyena qaydalarına əməl etməklə həm özümüzü, həm də ətrafımızdakı insanları xəstəliklərdən qorumaq mümkündür. Dəsmallar kiçik bir detal kimi görünsə də, onların düzgün təmizlənməsi sağlam həyat tərzinin vacib bir hissəsidir.

Mənbə: Hürriyet

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et