Bu gün:

Səhər oyanan kimi yatağınızı yığmağa tələsməyin


Bəzilərimiz uşaqlıqdan yuxudan duran kimi yatağımızı yığmağa öyrəşmişik, digərlərimiz isə yatağı elə buraxırıq və axşam eyni vəziyyətdə yatmağa gedirik. Yatağınızı düzəltməyin müəyyən faydaları olsa da, əgər qalxan kimi yatağınızı yığanlardansınızsa, bu vərdişə yenidən baxmaq istəyə bilərsiniz. Çünki yatağı dərhal düzəltmək, toz gənələrinin çoxalması üçün ideal bir mühit yaradır.


Yatağınızı yığmaq üçün bir çox yaxşı səbəb var. Araşdırmalara görə, səliqəli bir məkan, daha sağlam seçimlər etmək, uğur və nəzarət hissini artırmaqla yanaşı, daha keyfiyyətli yuxu ilə də əlaqələndirilir.


Milli Yuxu Fondunun 25-55 yaş arası 1500 amerikalı arasında apardığı sorğuya görə, hər gün və ya müntəzəm olaraq çarpayılarını düzəldənlər daha keyfiyyətli yuxu alma ehtimalına sahibdirlər. Lakin bu vərdişin mənfi tərəfi, toz gənələrinin artmasına daha çox şərait yarada bilməsidir.


Yataqdan qalxdıqdan sonra yatağınızı yığsanız da, etməsəniz də, toz gənələri orada qalacaq. Onları nəzarət altında saxlamağın ən effektiv yolu isə toz gənəsinə davamlı örtüklərdən istifadə etməkdir. İnternetdə geniş yayılan bir mübahisəyə görə, toz gənələri səliqəli və yığılmış yataq dəstlərini daha çox sevir. Nəzəri olaraq, yatağın dərhal düzəldilməsi və örtülməsi bədən istiliyini və nəmini bir müddət saxlayır. Bu isə toz gənələri üçün ideal şərait yaradır. Buna görə də, səhərlər yatağınızı yığmamaq, toz gənələrinin sayını bir qədər azaltmağa müsbət təsir göstərə bilər.


Toz gənələri ölü dəri hüceyrələrimizlə qidalanan mikroskopik, səkkiz ayaqlı canlılardır. Hətta təmiz evlərdə belə, onlar yataq döşəkləri, üzlüklər, mebellər, xalçalar və oyuncaqlar kimi qaranlıq, daha isti və daha rütubətli mühitlərdə daim inkişaf edirlər.


Mənbə: Hüriyyet

Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et