Antarktidada tapılmış qədim torpaq nümunəsindəki sübutlar göstərib ki, Təbaşir dövründə Antarktida buzsuz səthində inkişaf etmiş bir yağış meşəsinə ev sahibliyi edib.

Dinozavrların 90 milyon il əvvəl yaşadığı dövrdə Yer daha isti olub, lakin Cənub Qütbünü yaşıl və canlı bir mühit kimi təsəvvür etmək çətindir. Lakin CNN-in məlumatına görə yeni sübutlar göstərib ki, Antarktida bir vaxtlar bataqlıq yağış meşəsi olub.
2017-ci ilin fevral və mart ayları arasında tədqiqatçılar Qərbi Antarktidanın Amundsen dənizi yaxınlığında dəniz dibini qazıblar. Daha dəqiq desək, çöküntü nümunəsi Pine Island və Thwaites buzlaqları yaxınlığında götürülüb. Daha sonra aparılmış KT taramalarının nəticələri böyük bir şok olub.
Nature jurnalında dərc edilmiş taramalar meşə torpağı, polen, sporlar və kök sistemlərinə aid nümunələri ortaya çıxarıb. Bunlar o qədər yaxşı qorunub ki, Alfred Wegener İnstitutunun mütəxəssisləri hətta hüceyrə quruluşlarını, o cümlədən Cənub Qütbünə bu qədər yaxın tapılmış ilk bitkilərin polenini müəyyən edə biliblər.

"İlkin gəmiüstü analizlər zamanı çöküntü qatının qeyri-adi rənglənməsi tez bir zamanda diqqətimizi çəkib; bu, yuxarıdakı qatlarla açıq şəkildə fərqlənirdi", – deyə geoloq və araşdırmanın baş müəllifi Johann Klages bildirib.
"Biz okeanda deyil, quruda əmələ gəlmiş bir qat tapmışdıq".
Torpağın yaşını təyin etdikdən sonra tədqiqatçılar onun 90 milyon il yaşı olduğunu öyrənib və heyrətə gəliblər.
Mənbə: Allthatsinteresting
Tərcümə etdi: Səidə Abasova
