Bu gün:

Eskişehirdə su ehtiyatlarının tükənmə siqnalı: Çökəkliklər yaranır


İqlim dəyişikliyi səbəbindən Eskişehirin mühüm su mənbələrindən olan Sakaryabaşı çayı və Musaözü gölü quruma təhlükəsi ilə üz-üzədir. Konya bölgəsində tez-tez rast gəlinən çökəkliklər nəzarətsiz suvarma və iqlim böhranı ilə birlikdə Eskişehirdə də görünməyə başlayıb.

Qlobal istiləşmə bütün dünyada olduğu kimi Türkiyədə də təsirini göstərməyə davam edir. İqlim böhranı və düzgün olmayan suvarma bir çox şirin su mənbələrini tamamilə yox edərkən, Eskişehirdə yerləşən Sakaryabaşı mənbəyi və Musaözü gölü də arzuolunmaz sona doğru addımlayır.

Eskişehir Texniki Universitetinin müəllimi Prof. Dr. Cengiz Türe Eskişehirdə artan su problemi ilə bağlı fikirlərini bildirib:

“Təəssüf ki, iqlim dəyişikliyinin gətirdiyi quraqlıq təsiri və su mənbələrindəki səviyyənin azalması ilə yanaşı, su ehtiyacının azalmaq bilməməsi Eskişehirdə su əldə etmək üçün daha çox çalışmalara səbəb olub”.

Yeraltı sularına tələbat çökəklik təhlükəsini artırır

Xüsusilə Konya bölgəsində tez-tez rast gəlinən çökəkliklər nəzarətsiz suvarma və iqlim böhranı ilə birlikdə artıq Eskişehirdə də görünməyə başlayıb.

Prof. Dr. Cengiz Türe artan su tələbi ilə yeraltı sularının istifadəsinin də sürətlə artdığını qeyd edir. Bunun nəticəsində torpaqda müxtəlif dəyişikliklər müşahidə olunur.

“Çökəkliklər yeraltı sularının çəkilməsi nəticəsində geoloji olaraq həll olunmuş qayaların yox olması və torpağın çökməsi nəticəsində yaranır. Çökəkliklərin əmələ gəlməsi ilə səth sularını tükətdik, yeraltı sularını da bitirmək üzrəyik deməkdir”.

Suyu bir cəvahir kimi qorumalıyıq

Cengiz Türe əlavə edir ki, insanların ehtiyaclarının artması, əhalinin çoxalması və düzgün suvarma texnikalarının istifadə olunmaması böyük su mənbələrinə çıxışı çətinləşdirəcək:

“Bizim suyu istifadə və içmə tərzimiz təbiətdə olan su ilə uyğun gəlmir. Hər sahədə su izimizi azaltmalı, ehtiyaclarımızı doğru qarşılamalı və su ilə bağlı çox düzgün planlar hazırlamalıyıq. Düşünürəm ki, cəmiyyət suyun çox nadir və strateji bir maddə olduğunu, susuz yaşamanın mümkün olmadığını nəzərə almalı və suyu bir cəvahir kimi qorumalıdır”.


Mənbə: TRT Haber
Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et