Bu gün:

Erkən yaşda birdən çox dil bilmək faydalıdır?


Erkən yaşda dil öyrənmək imkanı olanlar gələcəkdə yeni dilləri daha tez qavrayırlar. Yetkin yaşda dil öyrənməyə başlayanlar beyinlərini aktiv saxlayaraq həm iş, həm də sosial həyatda özlərinə yeni üfüqlər açırlar. Yuxarı yaşlarda bu bacarıq zehni geriləmə ilə mübarizədə "qoruyucu qalxan" rolunu oynayır.

Son illərdə neyropsixologiya və inkişaf psixologiyası sahəsində aparılan tədqiqatlar göstərir ki, çox dil bilmək beynin strukturunu və funksiyalarını dəyişdirə bilir. 2023-cü ildə nəşr olunan neyropsixoloji tədqiqatlar ikidilli uşaqların kompleks diqqət testlərində monodilli həmyaşıdlarından daha yüksək nəticə əldə etdiyini ortaya qoyur.

Bəs dil öyrənməyə neçə yaşdan başlamaq əhəmiyyətlidir?

Neyropsixoloq Merve Tuğçe Doğru: "Birdən çox dildə danışmaq beyində koqnitiv çevikliyi artıra bilər. Dillər arasında keçid etməklə zehni çeviklik, problem həll etmə bacarıqları və yaradıcı düşünmə bacarıqları təkmilləşir",-deyə bildirib.


Erkən yaşda birdən çox dil öyrənmək niyə daha asandır?

Uşaqlıq dövründə beynin plastikliyi (neyroplastiklik), xüsusilə, 0-6 yaş arasında ən yüksək həddə çatır. Bu yaşda sinir hüceyrələri arasında əlaqələr çox tez qurulur və möhkəmlənir.  Buna görə də, erkən yaşda müxtəlif dilləri öyrənməyə çalışmaq uşaqların dil mərkəzlərini genişləndirərək daha çevik işləməsinə şərait yaradır. 

Neyropsixoloq Merve Tuğçe Doğru bu mövzuda kritik dövrü  vurğulayıb:

"2-11 yaş arasında öyrənilən dillər koqnitiv inkişafı dəstəklədikcə ikinci dili öyrənən uşaqların üçüncü və dördüncü dilləri daha sürətli öyrəndiyi görünür. Bu dövrdə beyin quruluşunu araşdırdığımız zaman onun neyron əlaqələri və plastikliyi öyrənilən hər yeni məlumat və dillə çox daha güclü bir elastiklik, inkişaf nümayiş etdirir."

Tədqiqatlar uşaqlığın dil öyrənmək üçün ideal olduğunu göstərsə də, yeni dil öyrənmək yeniyetməlik və yetkinlik dövründə də mümkündür. Yeganə fərq ondadır ki, beynin neyroplastikliyi azaldıqca yerli ləhcə əldə etmək və ya tam axıcılığa çatmaq üçün bir az daha çox səy lazımdır.


Mənbə: TRT Haber

Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et