Qorxunc və ya təhlükəli bir şey baş verdikdən sonra qorxmaq təbii haldır. Özümüzü təhlükədə hiss etdiyimiz zaman bədənimiz bizi daha ayıq edən kimyəvi maddələrin axını ilə reaksiya verir. Buna “qaç və ya mübarizə apar” reaksiyası deyilir. Bu, həyatı təhlükə altında qoyan hadisələrdən sağ çıxmağımıza kömək edir.

Lakin beynin qorxunc hadisələrə reaksiyası xroniki problemlərə də səbəb ola bilər. Buna yuxu problemləri, tez-tez gərginlik hissi, asanlıqla qorxmaq, narahat və ya əsəbi olmaq, hadisəni xatırladan anların tez-tez təkrarlanması və ya həmin hadisəni xatırladan şeylərdən uzaq durmaq daxildir.
Bəzən bu simptomlar bir neçə həftədən sonra yox olur. Amma bəzən onlar daha uzun müddət davam edir. Əgər simptomlar bir aydan çox davam edərsə və münasibətlərə və ya işə müdaxilə edəcək dərəcədə şiddətlənərsə, bu, travma sonrası stress pozuntusu əlaməti ola bilər.
Travma nədir?
Travma insanın fiziki və ya emosional olaraq güclü təsirə məruz qaldığı və baş etməkdə çətinlik çəkdiyi ağır bir hadisə və ya təcrübədir. Bu, şəxsin həyatını təhlükədə hiss etdiyi, ciddi qorxu, dəhşət və ya gücsüzlük duyduğu vəziyyətlərdən qaynaqlana bilər.
Travma ilə Mübarizə
Müsbət mübarizə strategiyasına sahib olmaq və vəziyyətdən nəsə öyrənmək travmatik hadisədən sağalmağa kömək edə bilər. Dostlardan, ailədən və ya dəstək qrupundan kömək istəmək də faydalı ola bilər.
Ruh sağlamlığı üzrə bir mütəxəssislə danışmaq, travma sonrası stress simptomları olan birinin onlarla mübarizə aparmağı öyrənməsinə kömək edə bilər. Travma sonrası stress pozuntusuna bənzər simptomları olan hər kəsin travma mərkəzli terapiya sahəsində təcrübəli bir ruh sağlamlığı mütəxəssisi tərəfindən müalicə alması vacibdir.
Travmadan sağalma üçün tövsiyələr
• Hisslərinizi başqaları ilə paylaşın. Özünüzü təcrid etməyin.
• Özünüzü sakitləşdirin. Meditasiya və ya dərin nəfəs alma məşqləri sınayın. Yeriş və ya yoqa kimi fiziki fəaliyyətlə məşğul olun.
• Kifayət qədər yatın, sağlam qidalanın və bol su için.
• Alkoqol, narkotik və tütün istifadəsindən uzaq durun.
• Gündəlik rutininizə qayıdın. Hətta istəyiniz olmasa belə, adətən etdiyiniz işləri edin.
Travmadan sağalma vaxt və diqqət tələb edir. Özünüzə və ehtiyaclarınıza qayğı göstərin, dəstək axtarmaqdan çəkinməyin. Sağalma prosesində kiçik addımlar belə böyük irəliləyişlərə səbəb ola bilər.
Mənbə: News in Health NIH
Tərcümə etdi: Arzu Qafarova
