Dünyaya gəldiyimiz andan etibarən hisslərimiz ətrafdakı dünyanı anlamaq üçün bir qapı rolunu oynayır. Bu hisslər arasında qoxu hissi xüsusi bir yer tutur, çünki o, xatirələri canlandırmaq, emosiyaları oyatmaq və əhval-ruhiyyəmizə təsir etmək kimi fövqəladə bir qabiliyyətə malikdir.

Olfaktor sistemi və emosiyalar
Qoxubilmə qabiliyyətimizə cavabdeh olan olfaktor sistemi burun boşluğunu beyinə birləşdirən mürəkkəb sinir yollarından ibarətdir. Digər hiss orqanlarından fərqli olaraq, olfaktor sistem amiqdala və hipokampusla birbaşa bağlıdır – bunlar emosiyalar və yaddaşın formalaşması ilə sıx əlaqəli beyin bölgələridir. Məhz bu unikal sinir bağlantısı qoxuların güclü emosional reaksiyalar doğurmasını və güclü xatirələr oyatmasını izah edir.
Qoxu və şəxsi kimlik
Qoxular şəxsi kimliklərimizin formalaşmasında və özümüzü necə qəbul etdiyimizdə də əhəmiyyətli rol oynaya bilər. İstifadə etdiyimiz ətirlər və ya tualet suları bizim fərdi seçimlərimizi əks etdirir və özümüzü dünyaya necə təqdim etdiyimizdə ayrılmaz bir hissə ola bilər. Xüsusi bir ətir özümüzü daha özünəinamlı, cəlbedici və ya hətta macəra hiss etməyimizə səbəb ola bilər.
Qoxu itkisinin psixoloji təsiri
Qoxu hissimizin dünyanı qavrama yollarımızdan biri olmaqla yanaşı, psixoloji vəziyyətimizdə də mühüm rol oynadığını nəzərə alsaq, onun itkisinin ciddi təsirlər yaratması təəccüblü deyil. Anosmiya (qoxu hissinin itirilməsi) xəstələri tez-tez özlərini ətraf aləmdən təcrid olunmuş və uzaqlaşmış hiss etdiklərini, həmçinin emosiyalarında “kütləşmə” yaşadıqlarını bildirirlər. Qoxu itkisi insanın yaxın şəxsi münasibətlər qurma və qoruma qabiliyyətinə mənfi təsir göstərə bilər və depressiyaya səbəb ola bilər. Burada əhəmiyyətli bir məsələ ondan ibarətdir ki, qoxu itkisi yalnız xəstənin özü üçün görünəndir; siz ancaq anosmiya xəstəsi ilə qarşılaşdığınızı onların bunu sizə söylədiyi halda anlaya bilərsiniz. Bu, qoxunun həyatımızda oynadığı rola dair ümumi anlaşmanın olmaması ilə yanaşı, anosmiyanın indiyə qədər lazımi diqqət görməməsinin səbəblərindən biridir.
Mənbə: fifth Sense
Tərcümə etdi: Arzu Qafarova
