Keyfiyyətli yuxunun sirri nədir?
Yuxunun insanın həyat keyfiyyətinə müsbət təsir etdiyini göstərən çoxlu elmi araşdırmalar var. İş o həddə çatıb ki, elm adamları artıq yuxunun faydalarının nə olduğu sualını bir kənara qoyublar. Əvəzində yuxunun fayda vermədiyi sahələr olub-olmadığını araşdırmağa başlayıblar.

Yuxu sahəsində aparıcı mütəxəssislərdən biri ABŞ-ın Kaliforniya Berkli Universitetinin nevrologiya və psixologiya kafedrasının müəllimi, professor Metyu Uokerdir. Milyonlarla insanın məlumatlarını araşdıraraq yazdığı kitabında Uoker "Yuxu dünyanın ən demokratik və ən ucuz sağlamlıq sistemidir" deyir.
Yuxunun faydaları nələrdir?
Elmi araşdırmalar göstərir ki, yuxusuzluq beynimizə və bədənimizə ciddi təsir göstərir. Alzheimer, xərçəng, infarkt, piylənmə, diabet, depressiya və hətta intihar da bir növ yuxusuzluqla əlaqələndirilir. Ancaq yuxunun bütün faydalarına baxmayaraq, yuxuya getmək həmişə asan olmur.
Bəs keyfiyyətli yuxu üçün nə etmək lazımdır?
Professor Uokerin yaxşı yuxu üçün verdiyi bəzi tövsiyələr:
1. Hər gün eyni saatda yatdın, eyni saatda qalxın.
Normal yuxu rejimi üçün ilk addım çox sadədir: hər gün eyni vaxtda yatın və eyni vaxtda oyanın.
Bunlardan ən əsası oyanma vaxtınızı vərdişə çevirməkdir.
Çünki hər gün eyni saatda oyanmaq günün sonunda eyni vaxtda yuxuya getməyinizə kömək edir.
2. Otağınızı qaranlığa qərq edin
Bədənin bioritminin tənzimlənməsində böyük əhəmiyyətə malik olan melatonin hormonunun ifrazı üçün qaranlıq bir mühit təmin edilməlidir.
Melatonin ifrazına mənfi təsir göstərən digər bir faktor da elektron cihazların ekranından gələn mavi işıqdır.
Yatmadan ən azı bir saat əvvəl elektron cihazlardan istifadəni dayandırın.
3. Otağı sərin tutun
Yuxuya rahat getmədin digər yolu da yatdığınız yerin sərin olmasıdır.
Çünki rahat yuxu üçün beynimizin və bədənimizin istiliyi normadan 1 dərəcə aşağı olmalıdır.
Buna görə də yatdığınız otağın ideal temperaturu 18 dərəcə ətrafında olmalıdır.
4. Yatağınızı yalnız yatmaq üçün istifadə edin.
Əgər yuxuya getmək üçün keçirdiyiniz vaxt 20 dəqiqəni aşarsa, yataqdan qalxın və yuxunuz gələnə qədər başqa otaqda bir şey edin.
Məsələn, kitab oxuyun, oyunlar oynayın. Ancaq yatağınızda bunları etməyin.
Yatağınızda yatmaqdan başqa heç bir fəaliyyətlə məşğul olmamaq beyninizin bu yeri yuxu ilə əlaqələndirməsinə kömək edir, bu da yuxu keyfiyyətinizi artırır.
5. Qəhvə kimi gümrahlandırıcları azaldın
Bir çox insan gün ərzində çoxlu miqdarda kola, kofein və tein kimi sinir sistemini oyandıran maddələr qəbul edir.
Professor Uolker deyir ki, qəhvənin tərkibindəki kofein bədəninizdə 12 saata qədər qalır.
Yəni, yatmazdan bir neçə saat əvvəl nə qədər qəhvə içmədiyinizi düşünsəniz də, daha əvvəl qəbul etdiyiniz kofein bədəninizdə aktiv olaraq qalır.
Professor Uoker yuxudan 12 saat əvvəl belə maddələrin qəbulunu dayandırmağı tövsiyə edir.
6. Alkoqol qəbuluna diqqət edin.
Alkoqol rahat yatmağınıza kömək etmir.
Əksinə, yatmazdan əvvəl yüksək miqdarda spirtli içki qəbulu yuxu keyfiyyətinizə ciddi şəkildə zərə verə bilər.
Mənbə: BBC
Tərcümə etdi: İbrahim Çobanlı
