Holokostdan sonra bir çox insanlar insanların niyə pislik etməyə və başqalarını incitməyə bu qədər hazır olduqları ilə maraqlanırdı. Yel Universitetinin amerikalı sosial psixoloqu Stenli Milqram da bununla maraqlanıb.
Miqram insanların əxlaqi dəyərlərinə zidd olsa belə onların hakimiyyətə tabe olmaqdan ötrü nələrə qadir olduğunu anlamaq istəyirdi. Qəzetlərdəki elanlar vasitəsilə eksperimentdə iştirak etmək istəyənləri tapdı.
Müxtəlif peşə sahibləri, elmi dərəcəsi olmayan, yaşı 20-dən 50-dək olan kişilər eksperimentə cəlb olundu. Könüllülərə iştirak etdiklərinə görə pul mükafatı vəd edildi. Onlara yaddaş və öyrənmə mexanizmlərinin araşdırılmasına kömək edəcəkləri deyildi.
Könüllülərə püşkatma yolu ilə təsadüfi qaydada “müəllimlər” və “şagirdlər” olmaqla iki qrupa bölünəcəkləri bildirildi. Əslində, şagirdlər öncədən seçilmiş aktyorlar idi. Saxta püşkatmadan sonra şagird elektrik stulda əyləşdirilirdi və əllərinə elektrodlar bağlanırdı. Daha sonra iştirakçılara tapşırıqlar verildi. Müəllim cüt-cüt sözləri diktə etməli, şagird isə onları əzbərləməli idi. Şagirdlər müəllimlərin onlarla danışa bilib amma onları görə bilməməsi üçün başqa otaqa idilər.
Əgər şagird sözləri səhv xatırlayıbsa və ya səhv cavab veribsə, onu tok vurmaqla cəzalandırmaq lazım idi. Gərginlik 15 voltdan başladı. Hər səhv üçün onlar daha güclü elektrik şoku alırdılar: gərginlik 15 voltdan 450 volta qədər qalxa bilərdi. Təcrübəyə başlamazdan əvvəl müəllimlərə 45 voltluq elektrik cərəyanı vurmağa icazə verildi ki, bunun nə qədər ağrılı olduğunu başa düşə bilsinlər.
İştirakçılar cəzanın onlara daha yaxşı öyrənməyə və məlumatı yadda saxlamağa kömək edib-etmədiyini sınadıqlarını düşünürdülər. Təcrübə zamanı şagirdi cəzalandırmaqdan çəkinməyə başlayarsa və ya onun yaxşı olub-olmamasından narahat olarsa, eksperimenti keçirən müdaxilə edirdi. O, müəllimlə eyni otaqda idi və bu ifadələri deyirdi: “eksperiment davam etməyi tələb edir”, “zəhmət olmasa davam et”, “başqa seçimin yoxdur, davam etməlisən”.
Eksperiment müəllim əmrləri yerinə yetirməkdən imtina etdikdə və ya elektrik cərəyanının gərginliyi maksimum 450 volta çatdıqda başa çatırdı. Sonra iştirakçılara izah edilirdi ki, şagird əslində heç bir fiziki təsirə məruz qalmayıb hamısı sadəcə bir oyun idi.
Stenli Milqramın eksperimentlərinin nəticələri məyusedici idi. Bir çox müəllim şagirdlərə yazıqları gəlsə belə təlimatlara əməl etməyə davam edirdil. Onlar şagirdlərin durmaqdan ötrü yalvarmasına baxmayaraq 450 volt gərginliyinə çatdılar. Hətta aktyorlardan birinin ürəyində problem olduğunu bildirməsinə baxmayaraq davam edirdilər.
Milqramın ilk eksperimentində yəni iştirakçıların 65%-i yəni 40 nəfərdən 26-sı maksimum gərginlik səviyyəsinə çatdı. Müəllimlərin 80% -i 150 volt həddini keçdi - gərginlik bu səviyyəyə çatdıqda, şagird ürək ağrılarından şikayət edərək eksperimentin dayandırılmasını xaiş edirdi.
Stelni Milqram üçün nəticələr tamamilə gözlənilməz oldu. Eksperimenti keçirməzdən əvvəl o, psixiatorlardan iştirakçıların davranışını proqnozlaşdırmasını istədi. Onlar inanırdılar ki, müəllimlərin əksəriyyəti şagird dayandırmağı xahiş etdikdə eksperimenti dayandıracaq və yalnız onların 0,1%-i sona qədər gedəcək.
Milqram güman edirdi ki, amerikalılar başqalarına zərər vermələrini tələb edən qanunlara tabe olmayacaqlar. Və alman xarakterində xüsusi bir şeyi - onları pisliyə daha həssas edən bir şeyi müəyyən etmək üçün Almaniyadan olan iştirakçılarla təcrübəni təkrarlamağı planlaşdırdı.
Ancaq alim başqa şeyi müəyyən etdi. İnsanlar ümumiyyətlə başqalarına zərər verdiklərini tam dərk etsələr belə, hakimiyyətin tələblərinə tabe olmağa meyllidirlər. Milqram və onun həmkarlarının sonrakı eksperimentlərinin nəticələri də buna oxşar idi.
Mənbə: journal.tinkoff.ru
Tərcümə etdi: İbrahim Çobanlı