Çirkli bombaların tərkibində adi partlayıcı maddələrlə yanaşı radioaktiv maddələr də olur. Adi partlayıcı partlayanda uran kimi radioaktiv maddələri havaya buraxır.
Bu bombanın hazırlanmasında, nüvə bombalarında istifadə olunan yüksək dərəcədə təmizlənmiş radioaktiv materiala gərək olmur. Bunun əvəzinə xəstəxanalardan, atom elektrik stansiyalarından və ya tədqiqat laboratoriyalarından əldə edilən radioaktiv materiallardan istifadə oluna bilir.
Bu vəziyyət, bu tip bombaları nüvə silahlarından daha xərcsiz və asan əldə edilə bilən edir. Məsələn, bu bombalar, bir avtomobilin arxasında asanlıqla daşınıla bilər.

Radioaktiv tullantılar, xərçəng kimi ciddi xəstəliklərə səbəb olduğuna görə, hədəflənmiş ərazilərdə çaxnaşma yaradır. Partlayışın baş verdiyi ərazini təmizləmək üçün bütün ərazi boşaldılmalı və ya olduğu kimi buraxılıb, tərk edilməlidir.
Amerika Alimlər Federasiyasının apardığı hesablamalara görə, Nyu-Yorkda Manhettenin ucqarında, 9 q kobalt-60 və 5 kq trotil olan bombanın partladılması bütün şəhəri onilliklər ərzində insanların yaşaması üçün yararsız bir yerə çevirə bilər. Buna görə də çirkli bombalar kütləvi qırğın silahları kimi tanınır.
Ancaq bir silah olaraq o qədər də etibarlı deyil.
Çirkli bombanın içindəki radioaktiv material hədəf əraziyə dağılmaq üçün toz halına salınmalıdır. Bununla belə, hissəciklər çox incə olarsa və ya ərazidə güclü külək olarsa, gözlənilən zərərlə nəticələnməyəcək qədər
böyük bir əraziyə səpələnirlər.
Daha əvvəl çirkli bomba istifadə olunubmu?
Dünyanın heç bir yerində hələ də uğurlu çirkli bomba hücumu olmayıb. Lakin bir çox cəhdlər olub:
1996-cı ildə çeçen üsyançıları Moskvadakı İzmailovo parkında dinamit və sezium-137 olan bomba yerləşdiriblər. Daxilindəki sezium xərçəngin müalicə vasitələrindən çıxarılıb. Təhlükəsizlik qrupları bombanın yerini aşkar edərək zərərsizləşdirib.
1998-ci ildə Çeçenistanın kəşfiyyat xidməti ərazidəki dəmiryol xəttinin yaxınlığında yerləşdirilmiş çirkli bomba aşkar edərək zərərsizləşdirib.
2004-cü ildə Dhiren Barot adlı britaniyalı Əl-Qaidə üzvü Londonda həbs edilib. Barot Böyük Britaniya və ABŞ-da çirkli bombalardan istifadə də daxil olmaqla terror aktları planlaşdırdığına görə 30 il həbs cəzasına məhkum edilib.
Mənbə: BBC
Tərcümə etdi: Aysu Əsgərzadə
