Bu gün:

"Mirvari sırğalı qız" portreti haqqında bilmədiyimiz faktlar


XVII əsrdə holland rəssamı Yohannes Vermeer tərəfindən çəkilmiş ən məşhur rəsm əsərlərindən biri olan “Mirvari sırğalı qız” xüsusi texnoloji üsullarla araşdırılıb. Rəsm üzərində iki il davam edən bərpa işləri çərçivəsində alimlər rəsmdə yaşıl pərdə, kiçik kirpiklər və fırça tükləri kimi yeni detallar aşkar ediblər.

Hollandiyalı rəssam Yohannes Vermeer tərəfindən 1665-ci ildə çəkilmiş məşhur rəsm iki alim tərəfindən rentgen şüaları və mikro görüntüləmə texnologiyası ilə skan edilib. Əfsanəvi rəsm 2018-ci ilin əvvəlindən Hollandiyanın Haaqa şəhərindəki Mauritshuis muzeyində xüsusi hazırlanmış şüşə otaqda saxlanılır. Tədqiqatçılar müəyyən ediblər ki, rəssam Vermeer “Hollandiya Mona Lizası” da adlandırılan rəsm əsərini tamamlamaq üçün Peak District bölgəsindən olan piqmentlərdən istifadə edib. 

Mikroskopik yoxlamalar zamanı Vermeerin fırçalarından boyaya batırılmış kiçik fraqmentlər də çıxarılıb.

Tədqiqatçı Abbie Vandivere deyib: “Elmi baxışımız bizi Vermeerə və qıza həmişəkindən daha da yaxınlaşdırdı”. 


Abbie Vandivere həmçinin deyib: “Müxtəlif elmi texnologiyaların birləşdirilməsi və müqayisəsi tək bir texnologiyanın öz başına istehsal edə biləcəyi informasiyadan daha çox məlumat verdi. “Mirvari sırğalı qız” əvvəllər düşünüldüyündən daha şəxsi şəkildir. Bu baxış həm də rəsmin hazırkı vəziyyətini sənədləşdirdi. Yəni gələcəkdə baş verə biləcək dəyişiklikləri ən uyğun şəkildə izləyə bilərik”. 

Araşdırmanın ən böyük kəşflərindən biri də Vermeerin qızı insan gözünün gördüyü kimi boş qara kətan qarşısında deyil, yaşıl pərdə qarşısında təsvir etməsi olub.

Təsvir üsulları diaqonal xətləri və şəklin yuxarı sağ küncündə qatlanmış parça kimi görünən rəng fərqlərini ortaya qoydu. Şəffaf yaşıl boyada, fiziki və kimyəvi dəyişikliklər nəticəsində, pərdə 350 il ərzində tədricən yoxa çıxdı. Gözlə görülən tüklər və ya çillər kimi real həyatdakı fiziki detallar çətin görünsə də, xüsusi texnologiya ilə yoxlama insani fiziki xüsusiyyətləri ortaya qoyur, bu da qızın model portret olmadığı nəzəriyyəsini dəstəkləyir. Makro, rentgen və mikroskopik müayinə nəticəsində, Vermeerin qəhvəyi boyadan istifadə edərək hər iki göz ətrafında kiçik kirpiklər düzəltdiyi məlum olub.

Bütün bu kəşflər göstərdi ki, rəsmin obyekti əvvəllər düşünüldüyündən daha şəxsidir. Amma, muzey tədqiqatçılarının fikrincə, qızın kim olduğu sualı hələ də sirr olaraq qalır. Mikroskopik boya nümunələrinin təhlili Vermeerin istifadə etdiyi piqmentlərin haradan gəldiyini də müəyyən edib. 

Sırğaları təşkil edən ağ qurğuşun İngiltərədəki Pik rayon dağlıq ərazilərindən, ultramarin mavisinin isə müasir Əfqanıstan mədənlərindən olan lapis lazuli daşından əldə edildiyi aşkar edilmişdir. Şəkildəki qırmızı rəngin Meksika və Cənubi Amerikada kaktus bitkilərində yaşayan böcəklərdən hazırlandığı müəyyən edilib.

Təbii ki, tədqiqatçıların fikrincə, Vermeer, çox güman ki, Hollandiyanın cənubundakı Delftdə lazımi boyaları almaq üçün dünyanı gəzməyib. Aparılan araşdırmalar zamanı o da məlum olub ki, o, qızcığazı arxa plandan ön plana qədər sistemli işləyən toxunmuş kətan üzərində çəkib.

İnfraqırmızı təsvirlər göstərib ki, rəssam tablonu qəhvəyi və qara çalarlarda çəkməyə başlayıb. Daha sonra o, qızın konturunu qara xətlərlə, o cümlədən dərisi, sarı gödəkçəsi, ağ yaxalığı, mavi hicabı və ağ mirvarisi, eləcə də sol yuxarı küncdə onun imzası olan “IVMeer” təsvirini çəkib.

Ancaq araşdırma məşhur rəsmin sirri ilə bağlı əsas suala cavab verməyib: Bu qız kimdir?

Mənbə: NTV

Tərcümə etdi: Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et