Bu gün:

Qədimdə isitmə sistemi necə olurdu?


Eramızdan əvvəl 1-ci əsrin sonlarında yaşamış qədim Roma memarı və mühəndisi Mark Vitruvius, Hipokaust sisteminin ixtirasını Sergius Orata adlı birinə aid edir. Vitruvius, eramızdan əvvəl 15-ci ildə yazdığı və memarlıq haqqında bizə qalan yeganə qədim əsər olan "De Architectura libri decem" risaləsində Hipokaustun inşası və istifadəsi haqqında məlumat verir. O, həmçinin, qızdırılan otaqların bir-birinə yaxın yerləşməsi sayəsində yanacağı necə azaltmaq barədə də ətraflı məlumat verir. Vitruvius, otağın qübbəli tavanına qızdırılan havanı yönləndirmək üçün bürünc ventilyatorlardan istifadə edərək istiliyi tənzimləyən bir cihazdan da bəhs edir.

Döşəmə istilik sistemi: qədim Roma dili ilə desək "Hipokaustus"

Qədim Roma döşəmə istilik sistemi, böyük bir sobadan, qalınlığı 70 santimetr və ya daha çox olan daş, yaxud kərpic sütunları üzərində yerləşən qalın bir döşəmədən və divarlarda yerləşən bacalardan ibarət olub. Döşəmə, bir qat daş plitə, bir qat beton və başqa bir qat daş lövhədən təşkil olunurdu. Dayaqlar arasındakı boşluq isə açıq saxlanılırdı. Alovun davamlı yandığı soba isti qazlar yaradır və bu qazlar döşəmə altında yerləşən dirəklər arasındakı boşluğa bərabər şəkildə yayılır, nəticədə döşəmədə istilik yaranır və bu istilik otağın bütün sahəsinə yayılaraq hər yeri qızdırırdı. Soyudulmuş hava divarlardakı bacalardan qalxıb və damın üstündən havaya qarışırdı. Soba, ümumiyyətlə, olduqca böyük olurdu və buna görə də ayrı bir otaqda yerləşirdi. Bir soba bir neçə otağı istiləşdirmək üçün istifadə edilə bilərdi. İstilik miqdarının tənzimlənməsi alova az və ya çox miqdarda odun əlavə etməklə həyata keçirilirdi. Hipokaust sisteminin işə salınması və istifadəsi çox zəhmət tələb edirdi və daimi qulluğa ehtiyac vardı.

Mənbə: zagorodnaya-life.ru

Tərcümə etdi: Səid Quliyev

Paylaş
Şərh əlavə et