Bu gün:

Həyatta qalmaq üçün 72 günlük mübarizə


13 oktyabr 1972-ci ildə Uruqvayın paytaxdı Montevideodan olan “Old Christians” reqbi komandasının oyunçularını, eləcə də onların qohumlarını və sponsorlarını daşıyan təyyarə yüksək And dağlarında qəza keçirib. Sağ qalan sərnişinlər 72 gün həyatları üçün mübarizə aparmalı olublar. 


Düşən zaman zərbəni yumşaldan qar sayəsində təyyarədə olan 45 nəfərdən 12-si dərhal, ertəsi gün isə daha 5 nəfər dünyasını dəyişib. Yerdə qalan 28 nəfər isə yeməksiz, isti paltarsız, yanacaqsız və dərmansız dağların sərt təbiəti ilə üzləşib. 


Qəzadan 11 gün sonra onlar radiodan artıq axtarışların dayandırıldığını və hamısının ölü sayıldığını eşidiblər. Oktyabın 29-da sağ qalanların məskunlaşdığı təyyarənin gövdəsinin uçqun altında qalması nəticəsində daha 11 nəfər həyatını itirib. Üç gün ərzində onlar meyitlərlə birlikdə təyyarə qalıqlarının dar yerində qar üzündən sıxılı qalıb. Hamını boğulmadan xilas etmək üçün 23 yaşlı Fernando (Nando) Parrado pilotun kabinəsindəki kiçik pəncərəni təpikləyərək qırıb. 


İlin bu vaxtlarında tempraturun -30-a qədər düşdüyü 3000 metr yüksəklikdə yerləşən And dağlarında nə bitki nə də qidalanmaq üçün heyvan var idi. Şokolad və krekerlər də bitdikdən sonra aclıq artıq hiss olunmağa başladığından onlar ölülərin ətini yemək qərarına gəldilər.


Yardımın gəlməyəcəyi aydınlaşdığı və özlərini xilas etməli olduqları üçün Nando Parrado, Roberto Kanessa, Numa Turcatti və Antonio Visintin Çilinin Yaşıl Vadilərinə çatmaq üçün qərbə doğru hərəkət etmək qərarına gəldilər. 18 yaşlı Kanessa qışın bitməsini təklif edərək bu səfərə uzun müddət qarşı çıxırdı. Ancaq başqaları buna məhəl qoymayaraq nə olursa olsun getməyə qərar verdilər. Səfərin başlanğıcı uğurlu alındı, ekspedisiya üzvləri təsadüfən təyyarənin baqajına rast gəldilər. Baqajdan çıxan çamadanlarda onlar şokolad, siqaret, təmiz paltar, həmçinin batareyalar tapdılar. İkinci gecə hava kəskin pisləşdi. Səyahətcilər az qala soyuqdan öləcəkdilər. Onlar dağlardan keçməyin asan olmadığını dərk etdilər. 


Ekspedisiya geri qayıtdı. Sağ qalanlar rasiyanın işləməsi üçün tapılan batareyalardan istifadə etməyə çalışdılar. Lakin tapdıqları batareyalar rasiya üçün uyğun deyildi. Bundan sonra sağ qalanlar xilas olmanın yeganə yolunun And dağlarının qərbinə keçmək olduğunu anladılar. Səfər zamanı dağlarda gecələyərkən donub ölməmək üçün təyyarənin quyruğundan tapılan parçalardan yuxu çantası tikdilər.


Hər şey hazır olduqdan sonra, 12 dekabr 1972-ci ildə Parrado, Kanessa və Visintin səfərə çıxdılar (Turcatti bir neçə gün əvvəl artıq öldü). Nəhayət, qarla örtülmüş And dağlarında avadanlıqsız, xəritəsiz və isti paltarsız 11 gün ərzində 55 km qət etdikdən sonra dağ çayına çatdılar. Onlar burada Çilili çoban Sergio Catalan ilə qarşılaşdılar. Çoban dərhal səlahiyyətliləri bu barədə xəbərdar etdi və artıq dekabrın 22-də iki təyyarə uçuşdan sağ qalanları Santyaqodakı xəstəxanalara çatdırdı. Dağlarda 72 günlük buzlu əsirlikdən sağ çıxan 16 nəfərin hamısı xilas edildi.


Mənbə: online.zakon


Tərcümə etdi: İbrahim Çobanlı

Paylaş
Şərh əlavə et