Bu gün:

Uşaqlarda qaranlıq qorxusu zehni inkişafa necə təsir edir?


Qaranlıq qorxusu uşaqlarda ən çox rast gəlinən emosional çətinliklərdən biridir. Xüsusilə 3-7 yaş arası uşaqlarda müşahidə olunan bu qorxu təkcə gecə yuxu rejimini pozmaqla qalmır, həm də ümumi əhval-ruhiyyə və zehni inkişaf üçün zərərli təsirlər yaradır.

Pediatrik psixoloq Emine Özen bu mövzuda deyir: “Bu yaş qrupundakı uşaqlar hələ gerçəklik və xəyal arasındakı fərqi tam dərk etmirlər. Qaranlıq onlar üçün bilinməyən bir mühit yaradır və vizual işarələrin olmaması səbəbindən ətrafı qavramaqda çətinlik çəkirlər. Bu da onları müdafiəsiz hiss etdirə bilər. Belə şəraitdə onların təsəvvürü işə düşür və qaranlıqda canavarlar və ya ruhlar kimi qorxulu şeylər xəyal edə bilirlər. Bu təsəvvürlər uşaqlar üçün həqiqi hiss edilir və qorxunun yaranmasına səbəb olur”.

Qaranlıq qorxusu çox vaxt valideynlərdən ayrılma narahatlığı ilə əlaqələndirilir. Uşaq özünü təhlükəsizlikdə hiss etmədikdə bu qorxu daha da artar.

Böyük Britaniyada aparılan bir araşdırmaya görə, qaranlıq qorxusu olan uşaqların 45%-i yuxuya getməkdə çətinlik çəkir və gecələr tez-tez oyanır. İstanbul Universitetində edilən başqa bir araşdırmada bu uşaqların 40%-ində diqqət pozuntusu, 25%-ində isə məktəb nailiyyətində azalma müşahidə olunub. Marmara Universitetində isə bu qorxunun çox vaxt valideynlərdən sosial öyrənmə yolu ilə keçdiyi ortaya çıxdı.

Valideynlər üçün tövsiyələr:

1. Empati göstərin: Uşağınızın qorxusunu ciddiyə alın və ona dəstək olun.

2. Gecə rutini yaradın: Uşaq sakitləşdirici gecə rejimləri ilə rahatlaşa bilər.

3. Müsbət möhkəmləndirmə tətbiq edin: Qorxularına qalib gəldiyi zaman uşağınızı tərifləyin.

4. Dəstəkləyici vasitələrdən istifadə edin: Yumşaq işıqlı gecə lampaları və ya sevimli oyuncaqlar uşağın özünü təhlükəsiz hiss etməsinə kömək edə bilər.

Psixoloq Özen vurğulayır:

“Uşaqlara 'Qorxma, qaranlıqda heç nə yoxdur' deməkdənsə, 'Səni qorxudan qaranlıqdırsa, bunu anlayıram və səni təhlükəsiz hiss etdirmək üçün buradayam' kimi ifadələr daha təsirli olur.”

Mənbə: TRT Haber

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et