
Münasibətdə fasilə etmək adətən müvəqqəti ayrılığı nəzərdə tutur. Münasibətinizdə problemlər yaşayırsınızsa və necə davam edəcəyinizi müəyyən edə bilmirsinizsə, fasilə vermək, bir növ "pauza" düyməsinə basmaq kimi görünə bilər. Fasilə zamanı düzgün addımlar atmaq vacibdir:
1. Fasilənin nə qədər davam edəcəyini müəyyən edin.
2. Qaydaları əvvəlcədən razılaşdırın.
3. Münasibət və şəxsi məqsədlərinizi yenidən dəyərləndirmək üçün vaxtdan səmərəli istifadə edin.
4. Növbəti addımları birlikdə qərarlaşdırın.
Fasilə verməyin səbəbləri müxtəlif ola bilər, lakin əsas məqsəd münasibətə yenilənmiş öhdəlik və bağlılıqla qayıtmaqdır. Lakin sual yaranır: fasilələr həqiqətən münasibətlərə kömək edirmi, yoxsa onları daha da zədələyir?
Münasibətdə fasilə etməyin effektivliyi
Münasibətlər üzrə mütəxəssis Kathryn Ford qeyd edir ki, sağlam münasibətlərdə yaxınlıq və məsafə arasında balansı qorumaq vacibdir:
"Əksər hallarda məsafə saxlamaq sevginin əksinə bir hərəkət kimi görünə bilər. Lakin yaxınlıq və məsafənin məharətlə idarə olunması, münasibətlərin sağlamlığını qorumaq üçün vacibdir."
Sağlam münasibətlərdə tərəflər arasında məsafənin dərəcəsi dəyişir. Əsas məsələ, sevgi və yaxınlığı maksimuma çatdırarkən, hər iki tərəfin emosional rifahına zərər verməməkdir.
Bəzi hallarda fasilə münasibəti qorumaq üçün faydalı ola bilər. Fasilə zamanı tərəflər həm özlərini, həm də münasibətdəki rollarını yenidən dəyərləndirir və problemlərə daha sakit yanaşmaq imkanı əldə edirlər.
Münasibətdə fasilə etməyin səbəbləri
Münasibətlərdə fasilə vermək, bəzi vəziyyətlərdə doğru qərar ola bilər. Aşağıdakı hallar buna səbəb ola bilər:
Şəxsi ehtiyaclara fokuslanmaq üçün: Tərəflər bəzən öz daxili ehtiyaclarını başa düşmək üçün münasibətdən kənarda düşünməyə ehtiyac duya bilərlər.
Münaqişələr zamanı: Əgər münaqişələr tez-tez baş verir və həll yolu tapılmırsa, fasilə tərəflərə sakitləşmək və problemləri yenidən analiz etmək imkanı verir.
Vəziyyətlə əlaqədar zərurət: Məsələn, iş və ya digər səbəblərə görə məcburi ayrılıqlar yaşandıqda.
Münasibətdə fasilənin riskləri
Fasilələr bəzi hallarda münasibətləri gücləndirə bilər, lakin riskləri də mövcuddur. Araşdırmalar göstərir ki, bəzi cütlüklər fasilədən sonra barışsalar da, bu təcrübə uzunmüddətli münasibətlərdə mənfi təsirlər yarada bilər.
"Fasilə vermək mütləq münasibətin sonu demək deyil, lakin bu risk həmişə mövcuddur," - Ford bildirir. Buna görə də fasilədən əvvəl tərəflər düzgün səbəblərlə və yaxşı planla bu addımı atmalıdır.
Fasilə münasibətdə bəzən faydalı strategiya ola bilər. Lakin bu addım hər iki tərəfin razılığı və düşünülmüş qərarla atılmalıdır. Münasibətdəki problemləri həll etmək və hər iki tərəfin rifahını qorumaq üçün fasilə düzgün istifadə olunarsa, cütlüklər üçün müsbət nəticələr verə bilər.
Mənbə: verywell mind
Tərcümə etdi: Fatimə Cabbarlı
