Bu gün:

Qayğılı bağlanma problemi nədir?


24Media.az-ın növbəti qonağı psixoloq Gülnar Orucovadır. O, qayğılı bağlanma problemi və onun həllindən danışıb.



-Qayğılı bağlanma anlayışını necə izah edərsiniz?

Bir neçə tip ailə modeli var. Bunlara daxildir: avtoritar, liberal, demokratik, həmçinin güvənverici və hədsiz qoruyucu ailə modelləri. Hədsiz qoruyucu ailə modelində qayğılı bağlanma fonunda uşaqlar yetişir. Bu uşaqlar anaya, xüsusilə, bağlanır, buna görə də, sosiallaşmada bir sıra problemlərlə üzləşirlər.


-İnsanlarda qayğılı bağlanma tərzinin formalaşmasının əsas səbəbləri hansılardır?

Bu tip bağlanma hədsiz qoruyucu ailə modelində yaranır. Xüsusilə, ana övladını hədsiz qoruyur, onun yıxılmasından, çətinlik görməsindən qorxur. Bunun nəticəsində uşaq müəyyən yaşda yaşıdlarından geri qalır və ümumilikdə, uğurlu bir insan kimi formalaşmasında problemlər ortaya çıxır.


-Valideynlərin davranışları uşaqlarda qayğılı bağlanma formalaşmasına necə təsir göstərir?

Qayğılı bağlanma problemini, əsasən, analar yaradır. Ana-uşaq simbiozunda da eynilə bu tip proseslər olur, yəni uşaq anaya hədsiz bağlanır. Məsələn, ana övladını bağçaya qoyub gedir və o uşaq saatlarla ananın arxasınca ağlayır. Qayğılı bağlanma prosesində ana sanki uşağın özünü inkişaf etdirməsinə şərait yaratmır, daim onun əvəzinə hər şeyi etməyə çalışır. Uşaq da bu zaman düşünür ki, mənim əvəzimə hər şeyi anam etsin, davamlı o yanımda olsun. Sual verilərkən anasına baxır, getdiyi məkanların hər birində adaptasiya problemi yaşayır, uyğunlaşmaq onun üçün çox çətindir. Digər insanlarla sosial münasibətlərə girmək istəmir, yeni dostluqlar qurmağa çəkinir və qorxaq, özgüvənsiz bir uşaq formalaşır.

Valideynlər bunu bir problem kimi görmür və zamanla keçəcəyini düşünür. Belə uşaqlarda kaprizlər ortaya çıxır, bunun da səbəbi valideynlərin uşaq üçün istədiyi hər şeyi etməsidir.


-Qayğılı bağlanma tərzi olan insanlar münasibətlərdə hansı çətinliklərlə üzləşirlər?

Qayğılı bağlanan uşaqlarda böyüyəndə problemlər ortaya çıxır. Böyüyəndə də davamlı olaraq bir insanın ona qayğı göstərməsini, diqqət etməsini, ona öz anası kimi nəzarət etməsini istəyir. Eyni zamanda, özü də elə olur.


-Bu bağlanma tərzi gündəlik həyat və iş əlaqələrinə necə təsir edir?

Bu proses belə davam etdikdə aşağı yaşda uşaqlarda özgüvənsizlik, emosional pozuntu, adaptasiya problemi, sosiallaşmada çətinliklər, təlimdə uğurlu olmanı önləyən problemlər ortaya çıxara bilir. Böyüyəndən sonra da bu proseslər davam edir: Qalib tipaj olmur.


-Bu problemi həll etmək üçün nə etmək lazımdır?


Valideyn uşağı sosiallaşdırmalıdır, 2 yaşından sonra hər bir uşaq bağçaya getməlidir. Son dönəm analarından nə eşidirik: "Uşağım bağçaya getdi, xəstələndi". Bəli, doğrudur. Bağçaya gedən hər bir uşaq müəyyən müddət ərzində xəstələnəcək. Səbəb nədir? Biz onu evdə qoruyuruq, lakin bağça həyatında istər-istəməz mikroblar uşağın bədəninə keçir. Müəyyən müddət uşaq xəstələnə bilər, belə desək, bağça immuniteti kimi formalaşır. 

Əgər valideyn övladını bağçaya qoymaq istəmirsə kurslara aparmalıdır. Uşağın hər şeyinə nəzarət etməli deyil, ona məsuliyyət verməlidir. Uşaq özü öz paltarını geyinməlidir, öz işlərini görə bilməlidir. Yəni əgər bunları etmirsə, uşaq artıq bacarıqsız, hər şeyi kimdənsə gözləyən bir uşaq kimi formalaşır. Buna görə də, əsasən, uşaqları sosiallaşdırmaq, fərqli mühitlərə aparmaq, telefon, planşet, televizordan uzaq tutmaq lazımdır.


Səidə Abasova

Paylaş
Şərh əlavə et