
Luizianada bir xəstə H5N1 quş qripinin ağır formasından əziyyət çəkərək xəstəxanaya yerləşdirilib. Bu ABŞ-də ilk belə hadisədir. CDC çərşənbə günü açıqlama verərək bildirib ki , xəstə öz həyətyanı sahəsində xəstə və ölü quşlarla təmasda olub. Bu ABŞ-də həyətyanı toyuq sürüləri ilə bağlı ilk quş qripi halıdır.
CDC-nin direktoru Dr. Demetre Daskalakis qeyd edib ki, xəstə kommersiya toyuqları və ya süd inəkləri ilə təmasda olmayıb. Dövlət rəsmiləri xəstənin vəziyyəti barədə əlavə məlumat verməkdən imtina edərək bütün sualları Luiziana Sağlamlıq Departamentinə yönləndiriblər.
Məlumatlara görə, xəstə ciddi tənəffüs xəstəliyindən əziyyət çəkir və kritik vəziyyətdədir. Xəstə 65 yaşdan yuxarıdır və əvvəlki sağlamlıq problemləri səbəbindən qripin ağırlaşma riski daha yüksəkdir. Bu virus Kanadada və Vaşinqton ştatında aşkarlanan D1.1 növü ilə eynidir, lakin süd inəklərində və digər insan hallarında rast gəlinən B3.13 növündən fərqlidir.
CDC virusun genomik təhlilinin davam etdiyini və bu halın insan arasında ötürülmə riskini dəyişdirmədiyini bildirib. Agentlik ictimai sağlamlıq riskinin aşağı səviyyədə qaldığını vurğulayıb.
Kaliforniyada quş qripinin yayılmasının qarşısını almaq üçün fövqəladə vəziyyət elan edilib. CDC infeksiyadan qorunmaq üçün yoluxmuş quşlar və heyvanlarla təmasdan qaçmağı tövsiyə edir. Dr. Daskalakis infeksiyaya məruz qala bilən insanların CDC-nin tövsiyələrinə ciddi əməl etməsinin vacibliyini qeyd edib.
Mənbə: CNN
Tərcümə etdi: Xavər Məmmədli
