Limonu yemək düşünüləndə tüpürcək ifraz olunur, ağzımız sulanır. Bunun səbəbi turş və duzlu qidaların həddindən artıq tüpürcək ifrazına səbəb olması və yaddaşımızın əvvəlki yemək hadisəsi ilə şərtlənməsidir. Yemək gözləməsindən sonra sinir sistemi tüpürcək vəzilərini stimullaşdırır.
Tüpürcək vəziləri,bədənimizdə fəaliyyət göstərən bezlərdən sadəcə bir neçəsidir. Bunlar o qədər böyük nemətlərdir ki, yox olsaydı, həyatımız kabusa çevrilər və bəlkə də yaşam bizim üçün mümkün olmazdı. Canlılarda vəzilərin funksiyası müxtəlif ifrazatlar istehsal etmək və ifraz etməkdir. Onlarla müxtəlif sekresiya istehsal edən fərqli növdə bezlərimiz var. Ağzımızdakı tüpürcəyi ifraz edən vəzilərimiz bu bezlərə misaldır.
Tüpürcək vəziləri üzün sağ və sol tərəflərində qulağımızın düz qarşısında yerləşən parotid vəzilər ən böyük tüpürcək vəziləridir. Dilaltı və alt çənə vəziləri ilə birlikdə əsas tüpürcək vəzilərini əmələ gətirir. Bundan əlavə, ağızımızdakı 600-1000 kiçik vəzi ilə birlikdə tüpürcək ifraz edirlər. Təxminən 30 qram ağırlığında olan parotid vəzi çəkisi ilə tərs mütənasib olaraq çox yüksək miqdarda tüpürcək ifraz edir. Yemək zamanı ümumi tüpürcək dəqiqədə 1-3 mililitr, gündə isə 1,5 litrə qədər ola bilər. Parotid vəzindən kiçik borularla daşınan ifrazatlar əsas kanalda birləşərək yuxarı dişlərin kənarından ağıza gəlir. Dilaltı və çənə vəzilərindən gələn kanallar vasitəsilə ağız dibinə çatır.
Tüpürcəyin demək olar ki, 99%-i sudan,1%-dən az hissəsi həzmi başlatan qlikoproteinlər, elektrolitlər, selik və fermentlərdən ibarətdir. Yağların və karbohidratların həzmini başlatan fermentlər mühüm rol oynayır. Tüpürcək həm də qidalardakı kimyəvi maddələri dildəki dad hüceyrələrinə daşıyaraq dad hissini asanlaşdırır. Ağzımız və dişlərimiz tüpürcək ifrazı ilə daim yuyulur və təmizlənir. Tüpürcək ağızda nazik bir təbəqə əmələ gətirir, dişləri və ağız boşluğunda olan hüceyrələri aşınmadan qoruyur. Bu yolla ağızda ağrılı lezyonların qarşısı alınır. “Xserotomia" xəstəliyi olan insanlarda tüpürcək ifrazı azalır, bu sindrom bəzi dərmanların yan təsiri kimi görünsə də, yaşlılarda, susuz qalanlarda və səbəbi bilinməyən hallarda da müşahidə oluna bilər. Bu xəstələrdə yemək yemək və udmaqda çətinlik, dişlərdə çürüklər, ağızda yaralar və göbələk infeksiyaları kimi hallar baş verir.
Mənbə: Zafer Dergisi
Tərcümə etdi: Fidan Şahbazlı
