Bu gün:

İşlənmiş qidalar osteoartrit riskinə səbəb olur?


Tədqiqatçılar bud əzələlərində çox yığılan yağın dizlərdə osteoartrit riskini artıra biləcəyini söyləyib. Yeni bir araşdırmaya görə, ultra işlənmiş qidalar insanların bud əzələlərində daha yüksək miqdarda yağa səbəb olur.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kaliforniya Universitetinin (UCSF) tədqiqatçıları Osteoartrit təşəbbüsündə iştirak edən, lakin hələ xəstəlik və ya ağrı diaqnozu qoyulmamış, orta yaşı 60 olan 666 nəfərin məlumatlarını təhlil ediblər.

Xalq arasında "artrit" kimi tanınan osteoartrit, zamanla oynaqların iltihabı və aşınması ilə xarakterizə olunan xroniki oynaq xəstəliyidir.

Şimali Amerika Radioloji Cəmiyyətinin illik görüşündə təqdim edilən araşdırmalar ultra emal olunmuş qidaların (UPF) çox qəbulunun bud əzələlərində əzələdaxili yağın artması ilə əlaqəli olduğunu göstərib.

Bu əlaqə iştirakçıların kalori qəbulundan, bədən kütləsi indeksindən (BMI) və ya fiziki fəaliyyət səviyyələrindən asılı olmayaraq müşahidə edilib. UCSF-də radiologiya üzrə tədqiqatçı və tədqiqatın müəllifi Zehra Akkaya "Bu tədqiqatın yeniliyi pəhriz keyfiyyətinin təsirini, xüsusən də ultra-işlənmiş qidaların MRT ilə qiymətləndirilən bud əzələlərində əzələdaxili yağla əlaqədar rolunu araşdırmaq idi",- deyib.

Qidalanma qidaları və içkiləri emal səviyyəsinə görə dörd kateqoriyaya ayıran NOVA təsnifatına uyğun olaraq təhlil edilib.

Həddindən artıq işlənmiş qidalara səhər yeməyi taxılları, sərinləşdirici içkilər və rahat yeməklər kimi yüksək işlənmiş qidalar daxildir.

Tədqiqat skelet əzələsinin keyfiyyəti ilə pəhriz keyfiyyəti arasındakı əlaqəni araşdırmaq üçün maqnit rezonans görüntüləmədən (MRT) istifadə edib.

Tədqiqatçı qeyd edib ki, əvvəlki tədqiqatlar bud əzələlərinin keyfiyyətinin azalmasının diz osteoartritinin başlanğıcı və inkişafı ilə bağlı ola biləcəyini göstərib.

O, oynaqlarda sümüklərin uclarını qoruyan qığırdaqların xarab olması və ağrıya səbəb olması ilə ortaya çıxan osteoartritin "piylənmə və qeyri-sağlam həyat tərzi seçimləri ilə sıx bağlı olduğunu" söyləyib. 

Mayo Klinikasına görə, yaş, cins və oynaq zədələri tarixi kimi digər risk faktorları da rol oynaya bilər.

Bununla belə, Akkaya əlavə edib: "Bu əlaqəni başa düşmək pəhriz keyfiyyətinin əzələ sümük sağlamlığına necə təsir etdiyinə dair yeni fikirlər təqdim etdiyi üçün əhəmiyyətli klinik nəticələrə səbəb ola bilər." 

Osteoartrit insanların əzələlərində artıq yağ yığılması ilə əlaqəli yeganə vəziyyət deyil.

İntramüsküler yağın həm insulin müqaviməti, həm də tip 2 diabetlə əlaqəli olduğu sübut edilib.

Mənbə: euronews

Tərcümə etdi: Səma İsmayılova

Paylaş
Şərh əlavə et