Orta əsrlər İngiltərəsində futbolun tarixçəsi olduqca maraqlıdır və onun ilk qeydi 1303-cü ilə təsadüf edir. Lakin bu oyun günümüzdəki futbol qaydalarından və formatından tamamilə fərqli olub. Şiddətli və xaotik xarakter daşıyan bu oyunda topun yerinə quru noxudla dolu bir donuz kisəsi istifadə edilib.
Oyunçuların əllərindən istifadə etməsinə, rəqiblərinə fiziki zərər vurmasına, hətta bəzən silah işlətməsinə icazə verilirdi. Oyunun yeganə qaydası isə topu müəyyən edilmiş sahəyə aparmaq idi. İştirakçıların sayı yüzlərlə, bəzən isə daha çox olurdu. Bu qədər iştirakçı ilə küçələrdə keçirilən oyun tez-tez böyük iğtişaşlara səbəb olur, qarşılaşmalar ciddi zədə və ölümlə nəticələnirdi. İngilis salnaməçiləri futbol matçlarından sonra futbolçuların sınıq qol-ayaqları, əzilmiş yanaqları, itirilmiş dişləri və hətta bəzi hallarda ölüm hallarını qeyd ediblər.
Futbolun bu qədər təhlükəli olması kralların onu qadağan etməyə çalışmasına səbəb oldu. II Edvard, III Edvard və II Riçard bu oyunu qadağan etmək üçün fərmanlar verdilər, çünki futbol oxçuluq məşqlərinə mane olurdu və silahlı qüvvələr üçün zəruri olan bacarıqlı namizədlər tapmaq çətinləşirdi.
VIII Henrix gəncliyində futbol oynamağa maraq göstərmiş və hətta xüsusi hazırlanmış futbol çəkmələri sifariş etmişdi. Lakin sonradan kral bu oyundan uzaqlaşdı və 1548-ci ildə futbol oynamağı qadağan etdi. Bu qərar futbol meydançalarının sahiblərinə də təsir etdi və futbol "plebey oyunu" kimi aşağılanmağa başlandı.
Buna baxmayaraq, futbol xalq arasında populyarlığını qorudu. İnsanlar oyunu davam etdirdilər, lakin bunu dövlət xadimlərinin torpaqlarından uzaqda etdilər. İngiltərədə futbola qoyulan qadağa yalnız 1603-cü ildə, Şotlandiyada isə bir qədər əvvəl, 1592-ci ildə ləğv edildi. Lakin futbolun pis reputasiyası 19-cu əsrə qədər davam etdi. Yalnız qaydalar müasir standartlara uyğunlaşdırıldıqdan sonra futbol cəmiyyət tərəfindən qəbul edilməyə başladı və geniş yayılmağa başladı.
Mənbə: Top Five
Tərcümə etdi: Səid Quliyev
