Soyuq əllər və ayaqlar bir çox insanın qarşılaşdığı problemdir. Bəzi hallarda bu, ciddi sağlamlıq vəziyyətlərindən xəbər verə bilər. Aşağıda bu vəziyyətin səbəbləri və onunla mübarizə üçün sadə tövsiyələr verilib.

1. Hipotiroidizm
Tiroid vəziniz zəif fəaliyyət göstərirsə, bədəniniz enerji və istilik yarada bilmir. Bu vəziyyət, xüsusilə, əllər və ayaqlarda soyuqluğa səbəb ola bilər.
2. Stress
Stress zamanı qan dövranı əsas orqanlara yönləndirilir və ətraflara daha az qan çatır. Nəticədə, əllər və ayaqlar soyuyur.
3. Diabet
Diabet damar və sinir problemlərinə gətirib çıxararaq qan axınını zəiflədir. Bu ətrafların soyuması ilə müşahidə olunur.
4. Anemiya
Qanınız kifayət qədər qırmızı qan hüceyrələrinə sahib deyilsə və ya onlar düzgün işləmirsə, bədən oksigenlə təmin olunmur. Bu üşümə, zəiflik, başgicəllənmə, solğun dəri, nəfəs darlığı və ətraflarda keyimə ilə nəticələnə bilər.
5. Yüksək Xolesterol
Yüksək xolesterol arteriyalarda lövhələrin əmələ gəlməsinə səbəb olaraq qan damarlarını daraldır. Bu qan axınını çətinləşdirir, xüsusilə, əllər və ayaqlarda soyuqluq hissi yaradır.
Bu cür halların qarşısını almaq üçün tövsiyələr:
Hərəkət edin: Gəzmək və ya yüngül idmanla qan dövranını artırın.
Stressi azaldın: Meditasiya, yoqa və rahatlatıcı fəaliyyətlərlə məşğul olun.
Düzgün qidalanın: Dəmir, B12 və folat səviyyənizi normada saxlayın.
İsti geyinin: Corab, tərlik və hətta şapka istifadə edərək bədəninizi isti saxlayın.
Əl qızdırıcısından istifadə edin: USB ilə işləyən təkrar doldurulan əl qızdırıcıları praktiki və təsirli seçimdir.
Soyuq əllər və ayaqlar həm həyat keyfiyyətinizə təsir edə, həm də ciddi sağlamlıq problemlərinin siqnalı ola bilər. Daha ciddi hallarda mütləq həkimə müraciət etmək lazımdır.
Mənbə:MSN
Tərcümə edən: Fatimə Cabbarlı
