1930-cu illərdə gözəllik naminə korluğa və hətta ölümə səbəb olan bir kosmetik məhsul var idi: Lash Lure. Bu “kirpik gücləndirici” Qida və Dərman İdarəsi sərt qaydalar tətbiq etməsinə səbəb oldu, həm də bir çox qadının həyatını acınacaqlı etdi.

Hətta Qida və Dərman idarəsinin hərəkətə keçməsinə səbəb olan bu hadisə gözəlliyin qaranlıq tərəfini ortaya çıxardı. 1930-cu illərdə Lash Lure qadınların kirpiklərini və qaşlarını daha tünd və dolğun göstərmək üçün istifadə edilən kosmetik məhsul idi. Lakin bu məhsul təkcə gözəllik təklif etmirdi. Bu həm də sağlamlıq üçün dəhşətli təhlükə idi. Lash Lure-un əsas tərkib hissəsi olan parafenilendiamin (PPD) ciddi allergik reaksiyalara, korluğa və hətta ölümə səbəb olur.
Bəzi qadınlar bu məhsulu istifadə etdikdən sonra üzlərində abseslər və xoralar əmələ gəlib. Üstəlik, o dövrün tibbi şəraiti belə allergik reaksiyaları müalicə etmək üçün kifayət deyildi. Lash Lure-nin qurbanlarından biri qaşlarını boyayarkən ölən 52 yaşlı qadın idi. Qaş nahiyəsində açıq yaralara tətbiq olunan məhsul ciddi stafilokok infeksiyasına səbəb olub. Qadın əvvəlcə gözlərini itirib, sonra isə yüksək hərarət və infeksiyanın yayılması səbəbindən dünyasını dəyişib. Bu hadisə Lash Lure təhlükəsini ortaya qoyan ən kədərli nümunələrdən biri idi. Lash Lure tərəfindən yaradılan sağlamlıq böhranları ABŞ-də kosmetika sənayesinin tənzimlənməsi üçün dönüş nöqtəsi oldu. Qida və Dərman İdarəsi bu təhlükəli məhsulları ictimaiyyətə göstərmək üçün "Amerika Dəhşət Palatası" adlı sərgilər təşkil etdi. Bu kampaniya 1938-ci ildə "Qida, Dərman və Kosmetika Aktı"-nın qəbul edilməsi ilə nəticələndi. Qanun kosmetik şirkətlərdən məhsullarını bazara çıxarmazdan əvvəl təhlükəsizlik standartlarını təmin etməyi tələb edirdi. PPD maddəsi bu gün də saç boyalarında istifadə olunmağa davam edir. Ancaq daha yaxşı qaydalar və təkmilləşdirilmiş tibbi üsullar sayəsində allergik reaksiyaların nəticələri indi daha yumşaqdır.
Mənbə: Onedio
Tərcümə etdi: Mina Yadigarlı
