Skolioz onurğanın yana doğru əyilməsidir və daha çox yeniyetmələrə diaqnoz qoyulur. Skolioz serebral iflic və əzələ distrofiyası kimi problemləri olan insanlarda baş verə bilsə də, uşaqlıqdan gələn skoliozun əksəriyyətinin səbəbi bilinmir. 
Skolioz hallarının əksəriyyəti yüngül formada olur, lakin uşaqlar böyüdükcə bəzi əyriliklər pisləşir. Şiddətli skolioz əlilliklə nəticələnə bilər. Xüsusilə ciddi bir onurğa əyriliyi sinə daxilindəki boşluq miqdarını azalda və ağciyərlərin düzgün işləməsini çətinləşdirə bilər. Yüngül skoliozu olan uşaqlar əyriliyin dərəcəsini görmək üçün adətən rentgen şüaları ilə yaxından izlənilir. Bir çox hallarda heç bir müalicə tələb olunmur. Bəzi uşaqlar əyriliyin pisləşməsini dayandırmaq üçün korset taxmalı olur. Lakin daha ciddi əyrilikləri düzəltmək üçün əməliyyata ehtiyac duyula bilər.
Skoliozun əlamətləri:
Qeyri-bərabər çiyinlər;
Bir çiyin digərindən daha qabarıq görünür;
Qeyri-bərabər bel;
Bir omba digərindən yüksəkdir;
Qabırğa qəfəsinin bir tərəfi önə doğru uzanır;
İrəli əyilərkən belin bir tərəfində qabarıqlıq.
Əksər skolioz hallarında onurğa yana doğru əyilməklə yanaşı bükülə bilir. Bu, bədənin bir tərəfindəki qabırğaların və ya əzələlərin digər tərəfdəkilərdən daha uzaqda qalmasına səbəb olur.
Nə vaxt həkimə müraciət etmək lazımdır?
Əgər uşağınızda skolioz əlamətləri görsəniz, həkiminizə müraciət edin. Yüngül əyrilər siz və ya uşağınız bilmədən inkişaf edə bilər, çünki onlar tədricən özünü göstərir və adətən ağrıya səbəb olmur.
Mənbə: mayoclinic
Tərcümə etdi: Nigar Muştaqova
