Bu gün:

“Mədəniyyəti olmayan bir xalq heçə bərabərdir”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı jurnalist və Müstəqil “M.Teatr”ın (“Mənim teatrım”) mətbuat katibi Turan Etibaroğludur. O, Azərbaycanda bölgə teatrları ilə bağlı sualımızı cavablayıb.


-Azərbaycanda hansı bölgələrdə teatrların açılmasına mütləq ehtiyac var?

Azərbaycanda hazırda 17 bölgəmizdə dövlət statuslu teatr var. Digər bölgələrimizdə isə mədəniyyət evlərinin tərkibində xalq teatrları fəaliyyət göstərir, onlar da tamaşalar nümayiş etdirirlər. Xalq teatrlarımızda hətta Prezidentin sərəncamı ilə “Əməkdar artist”, “Əməkdar Mədəniyyət İşçisi”, yaxud “Tərəqqi” medalı ilə təltif olunan bədii rəhbərlər var. Aran bölgəsində Salyan Dövlət Kukla Teatrı var, orada başqa dövlət statuslu teatrların da olması vacibdir. Bu sistem Sovet dönəmindən qurulub, əsas mərkəzi ərazilərdə dövlət statuslu teatr yaradılıb. Şamaxının bizim ədəbiyyatımızda mühüm yeri var və turistik ərazidir, orada teatr olmalıdır. Əvvəl Quba Dövlət Dram Teatrı var idi. Uzun müddətdir Qubaya turistlər axın edir, orada teatr olmağı yaxşıdır. Dövlət statuslu teatrlar açılmasa belə, xalq teatrlarına dövlət tərəfindən dəstək olunsa, yaxud onlara da bir status verilsə, aktyorlara pul ayrılsa teatrımız inkişaf edər, gənclərimizin maraq dairəsi yaxşılaşar və orada çalışanlar da daha həvəsli olarlar. Əgər hansısa bir ərazidə teatr açmaq alınmırsa, ora yaxın ərazidə yerləşən bir teatr Nazirliyin qurduğu bir planla həmin ərazidə ayda 3-4 dəfə qastrol tamaşası nümayiş etdirə bilər. Bu digər ərazilərdə yaşayanların maariflənməsinə, o cəmiyyətin bir az da formalaşmasına mühim təsir göstərər. Gözəl bir ifadə var: “mədəniyyəti olmayan bir xalq heçə bərabərdir”. Hər bir cəmiyyətin formalaşmasında teatrın, kinonun, ədəbiyyatın böyük rolu var. Bəzən teatrda elə sözlər deyilir ki, bir çox gənclərimiz o sözün təsirinə düşərək pis vərdişlərdən uzaq olub, teatra, musiqiyə, rəsmə, ədəbiyyata yönəlirlər. Hazırda bölgələrimizdə fəaliyyət göstərən teatrların da çox böyük, ciddi problemləri var:maddi, kadr çatışmazlığı və s. Bu, başqa mövzudur, amma hazırda demək olar ki, bölgələrimizin əksəriyyətində teatr fəaliyyət göstərir, bu isə gənclərin narkomaniyadan, dini radikalizmdən uzaq olmasının bilavasitə vasitəçisidir. Pis vərdişlərlə mübarizədə teatrın böyük rolu var.

Günel Məmmədova

Paylaş
Şərh əlavə et