
Qloballaşma fərqli hüdudlar daxilində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər arasında hər cür kommunikasiya və inteqrasiyanın ümumdünya səviyyəsində aparılmasını təklif edən bir yanaşma növüdür. Qloballaşma prosesinin məğzini düzgün anlamaq üçün ilk növbədə, sivilizasiya və mədəniyyət anlayışlarının fərqləndirilməsi lazımdır. Belə ki, ümumplanetar miqyas kəsb edən, əslində, sivilizasiyadır, çünki o öz təbiəti etibarı ilə bütün bəşəriyyətin inkişafını ifadə edən prosesdir. Mədəniyyət, xüsusən, mənəvi mədəniyyət isə müxtəlif xalqlar üçün fərqli olur. Lakin buna baxmayaraq, təəssüf ki, bir çox tədqiqatçılar qloballaşmanı məhz milli mədəniyyətləri də əhatə etdiyini göstərməyə çalışırlar.
Bəs qloballaşmanın nə kimi mənfi cəhətləri var?
Qloballaşmanın güclənməsi dünya miqyasında qlobal cinayətlərin, qlobal mənəvi aşınmaların getməsi üçün də şərait yaradır. Narkomaniya beynəlxalq miqyasda mütəşəkkil cinayətkarlığın həyata keçirilməsi, böyük mafiyaların, beynəlxalq terrorun hərəkətə gəlməsi buna misal ola bilər. Bütün bunların hamısı qloballaşma məsələsinin birmənalı hadisə olmadığını göstərir. Mədəniyyətin qloballaşması dünya mədəni dəyərlərinin sintezini və yeni formada təşəkkülünü ehtiva edir. Müasir dünyamızda xalqlar arasında mədəni əlaqələrin genişləndirilməsi, onların ünsiyyəti və qarşılıqlı şəkildə bir-birini dərk etməsi həmin xalqların yaxınlaşmasını şərtləndirir. Lakin belə yaxınlaşma heç də təsirsiz ötmür. Bu, azsaylı xalqların özünəməxsusluğunun böyük xalqların mədəniyyətinin təsiri altında unudulmasına, mədəni eyniliyin yer almasına şərait yaradır. Dünya əlaqələrinin qloballaşması bizim iradəmizdən asılı olmayaraq inkişaf edən bir prosesdir. Buna qarşı etiraz etmək demək olar ki, mümkünsüzdür. Lakin vahid iqtisadi mədəniyyətin formalaşması prosesi öz-özlüyündə bir çox xalqlarda mədəni özünəməxsusluğun qismən və ya tam itirilməsinə real təhlükələr yaradır.
Mənbə: Britannica, Forbidden
Tərcümə etdi: Dilbər Paşazadə
