
Bədənimizdəki sinirlərin ciddi bir miqdarını özündə birləşdirən və bədəndəki bütün prosesləri idarə edən düşüncə, duyğu, zəka və s. kimi anlayışların mərkəzi olan beynimiz öz-özlüyündə ağrını hiss edə bilməz. Çünki beynimizdə ağrı reseptorları (nosiseptorlar) yoxdur. Dəridə, əzələlərdə, oynaqlarda və bəzi orqanlarda ağrıya həssas olan nosiseptor adlanan sinir hüceyrələri var və bu siqnalları beyinə daşıyır.
Burada diqqət edilməli bir nöqtə var: Beyin deyərkən, orqan olan beyni nəzərdə tuturuq. Yoxsa baş dərinizin altında yatan sinirlər və reseptorlar ağrını beyinə ötürürlər. Buna görə də başınızı vurduqda, əlbəttə ki, ağrı hiss edirsiniz. Lakin hər hansı bir şəkildə (məsələn, narkoz ilə) kəllə sümüyünüzü açsaq, daha sonra narkozun təsirini aradan qaldırsaq və beyninizə bıçaq salsaq (heç bir damarı zədələməyəcək şəkildə), beynin özündən qaynaqlanan heç bir ağrı hiss etməzdiniz (əlbəttə ki, bıçağın təsiri ilə sinirlər zədələnər və həmin bölgənin funksiyası pozulardı, bu isə başqa məsələdir).
Paralel olaraq daha diqqət çəkən məlumat verə bilərik: baş ağrısı beyindən qaynaqlanan ağrı deyil. Çünki unutmayın, beyin ağrı hiss edə bilməz. Baş ağrılarının, adətən, meydana gəldiyi yerlər beyin ətrafındakı dura və pia kimi qoruyucu toxumalarda, qan damarlarında, xarici sinirlərdə və əzələlərdə ağrılardır. Bəzi hallarda, bu damarlar və əzələlər lazım olduğundan daha çox şişir və təzyiq və ağrıya səbəb olur.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Fatimə Hüseynova
