Bu gün:

Bu pərdələr avtomobil qiymətinə satılır


Nostalji pərdələr və sarı fincanlar fantastik qiymətlərlə satışa çıxarılmağa başlayıb. Elan səhifələrində 1 milyon liradan artıq qiymət tələb edilən nostalji məhsullar avtomobil qiymətləri ilə rəqabət aparır. Antikvarçılar bu pərdələrin 1970-1980-ci illərə aid olduğunu bildirsələr də, bu qədər yüksək satış qiymətlərinin şişirdildiyini və əslində məhsulların bu qədər dəyərli olmadığını vurğulayırlar.

Bir vaxtlar nənə və babaların evlərini bəzəyən, demək olar ki, hər evdə görməyə öyrəşdiyimiz bu pərdələr indi elan saytlarında yer alır. Əvvəllər adi ev əşyası olan bu pərdələr indi kolleksionerlərin diqqətini çəkir. Köhnə pərdələr və sarı fincan dəstləri 100 min liradan 1,5 milyon liraya qədər dəyişən qiymətlərlə satışa çıxarılıb.


Antikvar Yüksəl Düzənli belə deyib:


    “Əgər bu pərdələri 100 min lirəyə sata bilsəydik, hamımız varlı olardıq.”


O, bu qiymətlərin həddən artıq şişirdildiyini bildirib və əlavə edib:


    “Son zamanlarda bu pərdələr trend oldu. Amma bu tamamilə uydurmadır, o qiymətlərə heç bir məhsul satılmır. Hətta qızıldan olsa belə, o pərdələr o qiymət dəyərində deyil. 70-ci illərdə hər evdə bu pərdələrdən var idi. Bu qiymətlər həqiqətə uyğun deyil, çox münasib qiymətlərlə əldə edilə bilər.”


Başqa bir antikvar Mehmet Koşucu isə bu məhsulların antik dəyərinin olmadığını bildirib. O deyib:


    “Antikvarların baxışında bu pərdələr heç vaxt antik əşya sayılmır. Bunlar ikinci əl bazarlarında hər kəsin ala biləcəyi növdən olan pərdələrdir və bazarda çox sayda mövcuddur. Həqiqi antik pərdələr dedikdə əl işi və xüsusi toxuma texnikası ilə hazırlanmış məhsullar nəzərdə tutulur. Onların dəyəri yüksəkdir, lakin internetdə haqqında danışılan bu pərdələrin dəyəri əsla yüksək deyil.”


Antikvarların sözlərinə görə, bazarda saxta nostalji trendi yaradılır və bu, məhsulların həqiqi dəyərini yanlış təqdim edir.


Mənbə: NTV

Tərcümə etdi: Fatima Farzali

Paylaş
Şərh əlavə et