Mütəxəssis açıqladı: Beyin yaşlanmasını yavaşlatmağın yolu budur
19-11-2024, 22:35

Gündəlik həyatın stresi və intensivliyi beyninizi yorub, zəiflədə bilər. Bütün bədən funksiyalarını idarə edən beynin sağlamlığını qorumaq üçün bəzi addımlar atmaq lazımdır. Xüsusilə də beynin yaşlanmasının qarşısını almaq, həmçinin Alzheimer və Demensiya kimi xəstəliklərin riskini azaltmaq üçün fiziki aktivlik çox önəmlidir. Əgər idman və ya gəzinti üçün vaxt tapa bilmirsinizsə, gündəlik işlərinizi görərkən də beyninizi işlətdirə bilərsiniz.
Penn State Tibb Fakültəsindəki tədqiqatçıların yeni bir araşdırmasına əsasən, gündəlik fiziki aktivlik beynin sağlamlığı üçün dərhal faydalar təmin edir.
Araşdırmada müəyyən edilib ki, gündəlik fəaliyyətlərlə məşğul olan orta yaşlı şəxslər, bu fəaliyyətlərin it gəzdirmək və ya ev işləri görmək kimi aşağı intensivlikli, yaxud qaçış kimi yüksək intensivlikli olmasından asılı olmayaraq, idrak işləmə sürətində dörd yaş daha gənc olmağa bərabər bir inkişaf əldə ediblər. Fiziki aktivliyin bütün potensial faydalarını görmək üçün idman zalına getmək lazım deyil. Hər cür hərəkət önəmlidir.
Penn State Universitetindən Dr.Jonathan Hakun bir mətbuat açıqlamasında deyib:
“Gündəlik hərəkətlər sağlam həyat tərzinə aid edilə bilən və idrak sağlamlığına birbaşa təsir göstərən toplu fiziki aktivliyin bir mənbəyi hesab olunur.”
Əvvəlki tədqiqatlar əsasən fiziki aktivliyin idrak sağlamlığına uzunmüddətli təsirini öyrənsə də, Dr.Hakun qısamüddətli potensial təsirləri başa düşməkdə xüsusilə maraqlı olduğunu vurğulayıb.
Tədqiqat, 40-65 yaş arasında, idrak pozuntusu tarixi olmayan və Bronx (Nyu York) şəhərində yaşayan 204 iştirakçının məlumatlarını təhlil edib. Nəticələr göstərib ki, fiziki aktivlik beynin sağlamlığını qorumaq üçün əhəmiyyətlidir və bunun üçün xüsusi şəraitə ehtiyac yoxdur – sadəcə hərəkət etmək kifayətdir.
Mənbə: NTV
Tərcümə etdi: Fatima Farzali