Bu gün:

İnsan təkamülünün davamı necə olacaq?


Təkamül dünya var olduqca varlığını sürdürəcək təbiət qanunlarının ən başlıcasıdır. Keçmişdən bu günə tamamilə eyni qalan, dəyişməyən, təkamülə uğramayan heç nə yoxdur. Dünya özü, bitki aləmi, heyvan növləri və həmçinin insanlar da təkamül prosesi keçir.

İnsanın təkamülü dedikdə bəzən anlaşılmazlıqlar yaranır, bunun səbəbi isə “Darvin nəzəriyyəsi”dir. İlk növbədə qeyd etmək lazımdır ki, təkamül dedikdə söhbət bu nəzəriyyədən getmir, təkamül onsuz da baş verən sübuta yetirilmiş bir prosesdir. Darvin isə bu prosesə sadəcə öz baxışından yanaşır.

Yəni təkamül dedikdə söhbət yalnız insanın meymundan törəmiş olmağından getmir. Məsələ insanın ilk yarandığı gündən bu günə eyni qalmamış olmasıdır. Bacarıqlı insan – ilk insan təkmilləşərək neandertala, neandertal isə inkişaf edərək müasir insana, yəni Homo Sapiensə çevrilmişdir. Lakin müasir insan adlandırdığımız insan növü də zaman içində müxtəlif dəyişikliklərə məruz qalıb. Üst Paleolitin ağıllı insanı XXI əsrin ağıllı insanı ilə bir deyil.

Bəs təkamül gələcəkdə necə davam edəcək?

Bu sual ətrafında düşünən alimlər bəzi qənaətlərə gəliblər. Onlar dünyanın dəyişdiyi istiqamətləri, iqlimin gələcəkdə necə olacağı ilə bağlı təxminləri və insan genindəki mutasiyanı nəzərə almaqla keçmiş təkamüldən istifadə edərək gələcək insanların modellərini yaradıblar. Bu modeldəki insanların gözləri, alınları və başları indikinə nəzərən daha iridir.

Bir digər təxmin isə bizim yadplanetliləri təsəvvür etdiyimiz görünüşə malik olacağımızla bağlıdır. Evrim ağacı kanalında bu haqda daha geniş məlumat verilsə də, qısaca belə əsaslandırma edə bilərik: İnsanlar getdikcə daha qısaboylu, iri gözlü, geniş alınlı və böyük başlı olmağa, dərilərinin rəngi solmağa başlayıb.

Digər bir fikir isə insanların gələcəkdə daha kök, qısa boylu, əyri onurğalı, qəribə kəllə sümüyünə malik olacaqlarına dairdir. Alimlər bunun səbəbini oturaq həyat tərzi keçirməkdə, telefon və digər elektronika vasitələrindən, iri oyun qulaqlıqlarından istifadə etməkdə görürlər.

Ümumiləşdirmək lazım olarsa, gələcəkdə insan irqinin müxtəlif cür təkamülə uğrama ehtimalı var. Bunun da səbəbi gələcəkdə həyat şərtlərinin, gen qrupunun və digər zəruri amillərin necə dəyişəcəyini tamamilə bilməməyimizdir. Təkamül gözlənilən qədər kəskin baş verməyə də bilər, nüvə savaşları və digər amillər səbəbilə təkamül tamamilə başa qayıda da bilər. Bütün bunlar sadəcə ehtimaldır.

 

Hazırladı: Səidə Abasova

Paylaş
Şərh əlavə et