Bu gün:

Tikanlı məftillər


20-ci əsr müharibələri memarlığında ən mühüm struktur elementlərindən biri tikanlı məftildir. Həm cəbhə xəttində maneə kəmərlərinin formalaşdırılması, həm də konsentrasiya düşərgələrinin mühasirəyə alınması üçün xidmət edən «tikan» tez bir zamanda təkcə praqmatik deyil, həm də simvolik mənalar qazanaraq müharibə və zorakılıq embleminə çevrilib. Təsadüfi deyil ki, tikanlı məftillər ən böyük beynəlxalq insan haqları təşkilatlarından birinin – «Amnesty International» loqosunun bir hissəsinə çevrilib.

Bununla belə, tikanlı məftillər heç də müharibə ixtirası deyil. Onun vətəni 19-cu əsrin ikinci yarısında ölkənin qərbindəki torpaqların sürətlə inkişaf etdiyi ABŞ hesab olunur. Bu inkişaf sakinlər üçün ciddi problem yaradıb: həm maldarlığın, həm də kənd təsərrüfatının inkişafı ərazilərin (ilk növbədə otlaqların və kənd təsərrüfatı torpaqlarının) ciddi şəkildə ayrılmasını tələb edir. İndiyə qədər hasar və maneə bilməyən azad Vəhşi Qərb hasarlara möhtac qalıb. Onların istehsalı üçün ənənəvi materialların çoxu (kifayət qədər ağac və ya daş) yoxdur və çox keçmədən maneələr yaratmağın alternativ yolları axtarılmağa başlanıb.

Müasir tikanlı məftillərin prototipi, heyvanın hasardan keçmək istəyərkən özünə zərər verməsi üçün inəyin başına bir taxta parçası yapışdırmaq ideyası ilə çıxış edən sadə bir fermer Henri Rouzun maraqlı ixtirası hesab olunur. Bir müddət sonra sadə düşüncəli fermer belə elementləri heyvanın alnına deyil, hasarın özünə yapışdırmağın daha asan olduğunu təxmin edib. Onun 1873-cü ildə sərgidə təqdim etdiyi ixtirası Cozef Qlidden, İsaak Ellvud və Ceykob Heyşi iti məftil parçaları ilə məftil hasar çəkməyə ruhlandırıb. Hər üçü demək olar ki, eyni vaxtda patent üçün müraciət edib, lakin o, ən yaxşı dizaynın müəllifi Gliddenə verilib. Tikanlı məftil istehsalı o vaxtdan bəri sürətlə inkişaf etməyə başlayıb. Hətta müxtəlif növ hasarlar üçün «patent müharibəsi» baş verib və rəqabət aparan istehsal şirkətləri meydana çıxmağa başlayıb.

O dövrün reklamında bu yenilik ucuz və davamlı kimi təqdim olunub. Ancaq çox keçmədən məlum olub ki, belə bir analoq onun bitki prototipindən qat-qat təhlükəlidir: heyvanların aldığı xəsarətlər çox vaxt ciddi və bəzən ölümcül olur (məsələn, mal-qaranın kütləvi miqrasiyası zamanı). Bununla belə, tikanlı məftillər bütün dünyaya çox sürətlə yayılıb və Avropa ölkələrində, eləcə də Avstraliya, Yeni Zelandiya və Hindistanda kənd təsərrüfatında istifadə olunmağa başlayıb.

Tez zamanda aydın olub ki, tikanlı məftillər təkcə mal-qaraya qarşı deyil, həm də insanlara qarşı istifadə edilə bilər. Sürətli urbanizasiya onun fabriklər və ya dəmir yolları kimi sənaye obyektlərinin – hasarlanması üçün istifadəsinə səbəb olub. Tamamilə məntiqlidir ki, növbəti addım hərbi ehtiyaclar üçün məftildən istifadə etmək olub.

Tərcümə etdi: Səid Quliyev

Mənbə: Warspot

Paylaş
Şərh əlavə et