Zambiyada yaşayan Marqret Çola modapərəst nəvəsi Diana Kaumbanın təklifi ilə onun paltarlarını geyinərək internetdə məşhurlaşıb. 80 yaşlı və "Əfsanəvi Qlamma" kimi tanınan Çola, Instagram-da 225,000 izləyici toplayıb.
Diana atasının ölümünün ikinci ildönümündə Zambiyaya səfəri zamanı bu ideyanı irəli sürüb. Atasının moda sevgisini ehtiramla xatırlayan Diana, nənəsinə paltarlarını geyinməyi təklif edib və Çola bu təklifə müsbət cavab verib.
Çəkilişlər Lusakanın şimalındakı kənddə baş tutub və Çola təbiət fonunda, fərqli geyimləri ilə cazibədar pozalar verərək diqqət çəkib.
Marqret Çola və nəvəsi Diana Kaumbanın "Nənə Seriyası" adlı moda layihəsi 2024-cü ilin aprelində sosial mediada populyarlıq qazanıb. Çola qırmızı Adidas paltarı, qızıl boyunbağılar və daş-qaşlı tacla çəkilən şəkilləri ilə izləyicilərin diqqətini çəkib.
Diana ilk şəkli paylaşarkən çox həyəcanlı olduğunu deyib və 10 dəqiqə ərzində 1000 bəyənmə topladıqlarını bildirib. Çəkilişlər Lusakada, açıq kərpic binalar, şumlanmış tarlalar, manqo ağacları və qarğıdalı bitkiləri arasında aparılıb. Çola insanların onu bu qədər sevməsindən məmnunluğunu ifadə edib.
Marqret Çola "Nənə Seriyası"nın insanlara "həyatlarını yaşamağa və cəmiyyətin mühakimələrindən çəkinməməyə" ilham verməsini arzulayır. O, insanları "səhvlərinə görə özlərini bağışlamağa və keçmişi dəyişdirməyin mümkün olmadığını, ancaq gələcəyi dəyişdirə biləcəyini" qəbul etməyə çağırır.
Fotosessiyalar Çola və nəvəsi Diana Kaumbanı daha da yaxınlaşdırıb. Bunun sayəsində Diana nənəsinin çətin həyat hekayələri haqqında daha çox məlumat əldə edib.
Mənbə:BBC
Tərcümə edən: Fatimə Cabbarlı
