Bu gün:

Kərə yağının insan orqanizminə təsiri


24Media.az-ın növbəti müsahibi qida mütəxəssisi Əli Muradlıdır. Mütəxəssis mətbəxdə geniş istifadə olunan kərə yağının faydaları və mümkün zərərləri barədə danışıb.

O bildirib ki, kərə yağı doymuş yağlarla zəngin olduğundan, yüksək xolesterin səviyyəsinə malik insanlar üçün uyğun deyil. Çünki bu, xolesterinin daha da artmasına və ürək-damar xəstəlikləri riskinin yüksəlməsinə səbəb ola bilər.

Əli Muradlı əlavə edib ki, yüksək yağ tərkibi səbəbindən pankreas və ya öd kisəsi problemi olan insanlara da kərə yağı tövsiyə edilmir. Belə ki, bu hallarda yağların həzmi çətin olur. Laktoza dözümsüzlüyü olan şəxslər üçün də bu məhsul problem yarada bilər, çünki kərə yağı süddən hazırlanır. Mütəxəssis mədə-bağırsaq problemləri yaşayan yaşlı insanlara gündəlik yağ qəbulunu 10 qramdan artıq keçməməyi tövsiyə edir.

Onun sözlərinə görə, kərə yağı yüksək kalorili olduğu üçün, yaşlı insanlarda həzmi çətinləşdirərək mövcud xroniki xəstəliklərin ağırlaşmasına səbəb ola bilər. Sağlam insanlar üçün norma olaraq isə gündə 30 qramdan artıq kərə yağı qəbul etməmək məsləhət görülür.

Eyni zamanda, Əli Muradlı kərə yağının tərkibində çoxlu vitamin və mineralların olduğunu qeyd edib.

"Bu məhsul A, B1, B2, B5, D, E, PP və K vitaminləri, maqnezium, natrium, kalsium, kalium, fosfor, sink, mis, dəmir və manqan kimi minerallarla zəngindir. A vitamini miqdarı baxımından kərə yağı digər bitki yağlarından üstündür. Yağ əsaslı olduğu üçün orqanizm yağda həll olan vitaminləri, xüsusilə B, E və D vitaminlərini daha yaxşı mənimsəyir",– deyə bildirib.

Kərə yağının faydalarından danışan mütəxəssis əlavə edib ki, məhsul müntəzəm, balanslı və ölçülü istifadə edildikdə orqanizmə müsbət təsir göstərə bilər. O vurğulayıb ki, xüsusilə soyuq havalarda kərə yağı bədənə enerji təmin edir və aktiv həyat üçün güc mənbəyi rolunu oynayır. Bundan başqa, kərə yağı qəbizliyin qarşısını ala bilir, mədə-bağırsaq funksiyalarını normallaşdırır, selikli qişaların işini dəstəkləyir, immuniteti gücləndirir və sümük-diş sağlamlığına müsbət təsir göstərir.

Son olaraq, Əli Muradlı qeyd edib ki, kərə yağı A vitamini ilə zəngin olduğu üçün göz, dəri və immun sisteminin sağlamlığında mühüm rol oynayır. Bununla belə, sağlam qalmaq üçün məhsulun istifadəsində miqdar və balans vacibdir.


Fidan İbrahim 


Paylaş
Şərh əlavə et