Mütəxəssislər xəbərdarlıq edib ki, şokolad itlər üçün ciddi təhlükə mənbəyidir. Bu, şokoladın tərkibində kofeinə bənzəyən və itlər üçün toksik olan teobromin adlı maddənin mövcudluğu ilə bağlıdır. İnsan orqanizmi teobromini asanlıqla metabolizə edib zərərsizləşdirə bilir. Lakin itlər bu maddəni metabolizə edə bilmir və nəticədə teobromin onların orqanizmində toplanaraq zəhərlənmə yaradır.
Teobromin itlərin sinir sistemi, ürəyi və böyrəklərinə ciddi təsir edib, müxtəlif ağırlaşmalara yol aça bilər. Zəhərlənmənin ilkin əlamətləri arasında qusma, ishal, həddindən artıq susuzluq, sürətli ürək döyüntüsü və həyəcanlı davranış müşahidə edilə bilər. Daha ağır hallarda isə tutmalar, ürək çatışmazlığı və ölüm riski yarana və heyvanın həyatını itirməsinə səbəb ola bilər.
Qara şokolad və kakao tozu kimi məhsullarda teobromin miqdarı daha yüksəkdir. Buna görə də, bu növ məhsullar daha təhlükəli hesab edilib. Bir çox it sahibləri şokoladın heyvanlar üçün təhlükəli olduğunu bilməsələr də, mütəxəssislər heyvanların bu qidalardan tamamilə uzaq tutulmasını şiddətlə tövsiyə edib.
Əgər it təsadüfən şokolad yeyibsə, vaxt itirmədən baytara müraciət etmək vacibdir. Müalicənin vaxtında başlaması itin həyatını xilas edə bilər. Ev heyvanlarının sağlamlığını qorumaq üçün sahiblər diqqətli olmalı və bu növ məhsulları heyvanların çata bilməyəcəyi yerlərdə saxlamalıdırlar.
Mənbə: Savit.in
Tərcümə etdi: Aysel Şıxməmmədova
