Bu gün:

Təbiətdə öz özünə yetişən ən güclü C vitamini mənbəyi


Sarıqamışda 2,500 metr yüksəklikdəki meşəlik və vadilərdə təbii şəkildə yetişən quşburnu yığılmağa başlayıb. C vitamini, E vitamini, orqanik turşular və əsas yağ turşuları ilə zəngin olan bu bitki vitamin və mineralları ilə immunitet sistemini gücləndirməyə kömək edir. Türkiyənin demək olar ki, hər bölgəsində yetişən quşburnu yüksək qida dəyəri ilə də seçilir.

Qarsın Sarıqamış rayonunda hər il olduğu kimi bu il də quşburnu toplama mövsümü başlayıb. Bu təbii məhsul xüsusilə yüksək C vitamini tərkibi ilə immunitet sistemini gücləndirir və müxtəlif xəstəliklərə qarşı qoruyucu təsir göstərir. Sarıqamışın təbii şəraitində yetişən quşburnu bölgə sakinləri tərəfindən mürəbbə və çay kimi istifadə olunur.

Səhər erkən saatlarda meşəlik sahələrə gedən vətəndaşlar gün ərzində intensiv tempdə çalışaraq quşburnu toplayırlar. Toplanan məhsul mürəbbə, çay və müxtəlif təbii məhsullara çevrilir. Sarıqamışda quşburnu toplama mövsümü ailə büdcəsinə dəstək olmaqla yanaşı təbiətin gözəlliklərindən faydalanmaq istəyənlər üçün də gözəl bir fürsətdir.

Quşburnu C vitamini, B1, B2 və K vitaminləri ilə yanaşı, antioksidant birləşmələr də ehtiva edir. Ürək sağlamlığının qorunması və immunitetin gücləndirilməsində təsirlidir. Quşburnu çayı mədə spazmı, mədə xorası və mədə turşuluğu kimi mədə narahatlıqlarını yüngülləşdirir. Qəbizlik və ishal kimi həzm problemlərinə də müsbət təsir göstərir.

Yüksək miqdarda C vitamini sayəsində quşburnu, immuniteti gücləndirərək soyuqdəymə və qripə qarşı bədəni qoruyur. Davamlı öskürək və soyuqdəyməyə qarşı quşburnu çayını qəbul etmək tövsiyə olunur. Təbiətin ən zəngin C vitamini mənbələrindən biri olan quşburnu əsrlər boyu öskürək, soyuqdəymə, qrip və nəfəs yolları xəstəlikləri ilə mübarizədə istifadə edilmişdir. Amerika Birləşmiş Ştatları Kənd Təsərrüfatı Nazirliyinin hesabatına görə quşburnu qəbulu qan təzyiqini əhəmiyyətli dərəcədə azalda bilər.

Mənbə: NTV Türkiyə
Tərcümə: Fidan Fərmanlı

Paylaş
Şərh əlavə et