Öyrənilmiş çarəsizlik, fərdlərin qarşılaşdıqları mənfi vəziyyət nəticəsində özlərini çarəsiz hiss etmələri və bu vəziyyətin dəyişməyəcəyinə dair inanc inkişaf etdirmələri olaraq təyin edilir. Bu anlayış, psixoloq Martin Seligman tərəfindən 1960-cı illərdə aparılan təcrübələrlə ortaya qoyulmuşdur. Seligman, heyvanlar üzərində apardığı təcrübələrdə, qaçış yolları olmadıqda heyvanların passivləşdiyini müşahidə etmiş və bu vəziyyəti "öyrənilmiş çarəsizlik" termini ilə adlandırmışdır.
Seligmanın təcrübələri, xüsusilə itlər üzərində həyata keçirilmişdir. Təcrübədə itlərə elektrik şoku verilib və onlara qaçış imkanı tanınmamışdır. Başlanğıcda, itlər şokdan qaçmağa çalışsalar da, zamanla bu heyvanlar şok alarkən qaçmağa çalışmaqdan imtina etmiş və yalnız passiv qalmağı seçmişlər. Bu hal, heyvanların mənfi nəticələrin qaçılmaz olduğuna dair bir inanc inkişaf etdirməsinə səbəb olmuşdur. Nəticədə, öyrənilmiş çarəsizlik vəziyyəti fərdlərin yaşadıqları mənfi hallara qarşı özlərini təsirsiz hiss etmələrinə və bu vəziyyəti dəyişdirmək üçün cəhd etməmələrinə yol açır.
Öyrənilmiş çarəsizlik, insanlar üzərində də oxşar təsirlər yarada bilər. Fərdlər, uğursuzluqla qarşılaşdıqda, bu uğursuzluqların öz nəzarətləri xaricində olduğunu düşünərək zamanla özlərini çarəsiz hiss edə bilərlər. Bu hal, psixoloji narahatlıqlara, xüsusilə depressiyaya zəmin yarada bilər. Öyrənilmiş çarəsizlik, fərdlərin motivasiyasını azaldır, risk alma qabiliyyətlərini aşağı salır və sosial münasibətlərdə zəifləşmələrə səbəb ola bilər.
Öyrənilmiş çarəsizlik yaşayan fərdlərdə aşağıdakı simptomlar müşahidə oluna bilər:
Passivlik: Fərd, qarşılaşdığı çətinliklərə qarşı hərəkət etməyi dayandırır.
Aşağı özünədəyər : Fərd, öz bacarıqlarına olan inancını itirir və özünü yetərsiz hiss edir.
Ümidsizlik: Fərd, gələcəkdə müsbət dəyişikliklərin olmayacağına dair inanc inkişaf etdirir.
Sosial izolasiya: Çarəsizlik hissi, fərdin sosial qarşılıqlı əlaqələrdən qaçmasına səbəb ola bilər.
Öyrənilmiş çarəsizliyi aşmaq üçün bir sıra üsul və strategiyalar tətbiq oluna bilər:
Bilişsəl Davranışçı Terapiya (BDT): Bu terapiya metodu, fərdlərin mənfi düşüncə strukturlarını dəyişmələrinə kömək edə bilər. Terapiya prosesində, fərdlər düşüncələrini sorğulayaraq və alternativ düşüncə tərzləri inkişaf etdirərək çarəsizlik hissini aşmağa çalışırlar.
Müsbət psixologiya: Müsbət psixologiya, fərdlərin güclü tərəflərini kəşf etmələrinə və bu tərəfləri inkişaf etdirmələrinə kömək edir. Fərdlərin müvəffəqiyyət təcrübələri yaşamaları, öyrənilmiş çarəsizlik algısını sındıra bilər.
Sosial dəstək: Ailə, dost və peşəkar dəstək almaq, fərdlərin emosional yükünü azaltmağa kömək edə bilər. Sosial dəstək, fərdlərin qarşılaşdıqları çətinliklərlə başa çıxma qabiliyyətlərini artırar.
Mənbə : Psychology Today
Tərcümə etdi: Zeynəb Yunuszadə