Metro şəhərdaxili yeraltı sərnişin daşımalarını yerinə yetirən nəqliyyatı növüdür. Bu nəqliyyat vasitəsi, əsasən, əhalisinin sayı bir milyon nəfərdən çox olan şəhərlərdə tikilir. Metropoliten ən baha başa gələn şəhər nəqliyyatı növü hesab edilir. Sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədi daşıyan metrodan istifadə qaydaları ölkədən-ölkəyə fərqlənə bilir.

Məsələn, Yaponiyada metroda səssiz qalmaq çox vacibdir. Sərnişinlər metroda ucadan danışa və ya telefondan yüksək səslə istifadə edə bilməzlər. Bundan başqa, pilləkən və eskalatorlarda sağ tərəfdə dayanmaq, sol tərəfdən keçmək üçün isə yol açmaq qaydası tətbiq olunur.
Cənubi Koreyada metroda xüsusi yerlər quraşdırılıb ki, orada yaşlılara, hamilə qadınlara və əlillərə xüsusi hörmət edilir. Bu ölkədə metroda yemək yeməyə və içməyə yol verilmir.
ABŞ-ın bəzi böyük şəhərlərində, xüsusən, Nyu-York və Vaşinqtonda metroda yüksək səslə musiqi dinləmək və ya yerə zibil atmaq qanun pozuntusu hesab sayılır.
Sinqapurda metroda siqaret çəkmək, hətta saqqız çeynəmək qəti qadağandır.
Təbii ki, ayrı-ayrı ölkələrdə metrodan istifadə qaydaları sərnişinlərin təhlükəsizliyini və mədəni davranışını təmin etməyə yönəlib.
Ölkəmizə gəlincə, qeyd edək ki, “Bakı Metropolitenindən istifadə Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 oktyabr tarixli 179 nömrəli qərarı ilə təsdiq edilib.
Həmin Qaydalar Bakı Metropolitenində sərnişindaşımanın təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərə xidmət səviyyəsinin artırılması məqsədi ilə hazırlanıb və Bakı Metropolitenindən istifadə edən bütün şəxslərə şamil edilir.
Qaydalara görə Bakı Metropoliteninin stansiyaları hər gün saat 6.00-dan 24.00-dək sərnişinlərin girişi üçün açıqdır. Sərnişinlər və Bakı Metropoliteninin işçiləri qarşılıqlı nəzakətli olmalı, metropolitenin ərazisindəki qurğu və avadanlıqlarla ehtiyatla davranmalı, təmizliyə, ictimai asayişə və bu qaydaların tələblərinə riayət etməlidirlər.
Həmin qaydaların 2-ci bəndində sərnişinlərin vəzifələri nəzərdə tutulur. Həmin vəzifələrə aşağıdakılar daxildir:
-Sərnişinlər metropolitenin buraxılış məntəqəsindən daxil olarkən gediş haqqı ödəməli və ya ödənişsiz keçid hüququ verən sənədi açıq şəkildə təqdim etməlidirlər.
- Sərnişinlər uzunluq, en və hündürlük, ölçülərinin cəmi 121 sm-dən 200 sm-ə qədər olan hər bir əl yükü üçün, eləcə də uzunluğu 151 sm-dən 220 sm-ə qədər olan uzun ölçülü hər bir əl yükü üçün gediş haqqı ödəməlidirlər.
- Əl yükü elə bükülməli, bağlanmalı və bərkidilməlidir ki, sərnişinlərə xəsarət yetirməsin.
- Daşınmasına icazə verilən əl yükünün sayı ikidən çox olmamalıdır.
- Ödənişsiz keçid hüququnu verən sənəd gediş haqqı ödənilməli olan əl yükünün ödənişsiz aparılmasına hüquq vermir.
- Sərnişin və ya hər hansı əşya platformadan stansiyanın yollarına düşərsə və ya qatarların hərəkətinin təhlükəsizliyinə xələl gətirən hər hansı hadisə baş verərsə, sərnişinlər qatarların qəbulu və ya yola salınması üzrə növbətçiyə, stansiya üzrə növbətçiyə və ya hər hansı metropoliten işçisinə dərhal məlumat verməlidirlər.
- Sərnişinlər stansiyalarda və vaqonlarda sahibsiz əşya və ya şübhəli əşya aşkar edərlərsə, qatarların qəbulu və ya yola salınması üzrə növbətçiyə, stansiya üzrə növbətçiyə, vaqonun salonundakı “sərnişin-maşinist” rabitəsi ilə qatarın maşinistinə, metropoliten işçisinə və ya polisə dərhal məlumat verməlidirlər.
Həmçinin “Qaydalar”a görə sərnişin platformasında olarkən sərnişinlər aşağıdakılara əməl etməlidirlər:
- qatarı gözləyərkən platforma boyu bərabər paylaşmalı;
- qatar dayandıqda, qatardan düşən sərnişinlərə mane olmamaq üçün vaqonun qapılarının qarşısında dayanmamalı;
- qatar dayanmamış və vaqonların qapıları açılmamış platformanın kənarındakı hüdud xəttini keçməməli.
“Qaydalar”da nəzərdə tutulur ki, qatarda olarkən sərnişinlər aşağıdakılara əməl etməlidirlər:
- əlilliyi olan şəxslərə, qocalara, hamilə qadınlara və uşaqlı sərnişinlərə oturmağa yer verməli;
- vaqonun qapılarına söykənməməli;
- tutacaqdan tutmalı, qatardan enən sərnişinlərə mane olmamalı;
- enməli olduqları stansiyaya yaxınlaşdıqda, vaqondan rahat düşmək üçün qabaqcadan hazırlaşmalı.
Eskalatordan istifadə qaydalarına gəlincəondan istifadə edərkən sərnişinlər aşağıdakı qaydalara əməl etməlidirlər:
- üzü hərəkət istiqamətində sağ tərəfdə dayanmalı və sürahidən tutmalı, ötüb keçmək lazım gəldikdə soldan keçməli;
- pillələrin məhdudiyyət xəttini keçməməli, pillələrdə əyləşməməli;
- hərəkətsiz hissələrə toxunmamalı, söykənməməli və ya əl yükünü söykəməməli;
- körpələri qucaqda saxlamalı, uşaqların əlindən tutmalı;
- minmə və ya enmə zamanı çanta-arabacıqları qaldırmalı;
- öz-özünə hərəkətə gəlməməsi və ya aşmaması üçün əl yükünü nəzarətdə saxlamalı;
- eskalatordan düşərkən ləngiməməli.
Metropolitendən istifadə edərkən sərnişinlərin sərnişinlərin aşağıdakı hüquqları vardır:
- yeddi yaşınadək uşaqlara görə gediş haqqı ödəməmək;
- uşaq arabacıqlarına, aparılmasına icazə verilən ölçülərdə və çexolda olmaq şərtilə xizəklərə, kirşələrə, uşaq velosipedlərinə, balıqçı tilovlarına, musiqi alətlərinə, kiçik bağ avadanlıqlarına görə gediş haqqı ödəmədən aparmaq;
- aparılmasına icazə verilən ölçülərdə və çıxmaları istisna olunan xüsusi konteynerdə və qəfəsdə olmaq şərtilə kiçik ev heyvanlarını və quşlarını gediş haqqı ödəmədən aparmaq;
- vaqonlarda məktəbəqədər yaşlı uşaqla olan sərnişinlər, hamilə qadınlar, əlilliyi olan şəxslər və ahıllar üçün nəzərdə tutulmuş xüsusi yerləri digər sərnişinlərdən boşaltmağı tələb etmək.
“Qaydalar”ın 5-ci bəndi “Bakı Metropolitenində qadağalar”a həsr olunub. Qadağan bunlardır:
- alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək, sərxoş vəziyyətdə stansiyaya daxil olmaq və vaqonda getmək;
- stansiyaların vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda tütün çəkmək;
- sərnişinlərin geyimlərini və ya salonu çirkləndirə biləcək paltarda olmaq və ya çirkli əl yükünü aparmaq;
- sərnişinlər üçün narahatlıq yarada biləcək xəstə (yoluxucu xəstəliyə yoluxmuş) halda stansiyaya daxil olmaq və vaqonda getmək;
- sərnişinlər üçün narahatlıq və ya yoluxucu xəstəliyə yoluxma təhlükəsi yarada bilən xəstə heyvan və ya quşla stansiyaya daxil olmaq və ya onları qatarda aparmaq;
- ödənişsiz gediş hüququ verən sənədlərin surəti ilə və ya onları əvəz edən sənədlərlə (hətta notarial qaydada təsdiq olunmuş olsa belə) buraxılış məntəqələrindən stansiyaya daxil olmaq;
- çıxışlardan, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmaq;
- ölçüləri böyük olan, uzunluq, en və hündürlük əndazə ölçülərinin cəmi 200 sm-dən çox olan, eləcə də uzunluğu 220 sm-dən artıq olan uzun ölçülü əl yükünü aparmaq;
- bükülməmiş, bağlanmamış və bərkidilməmiş, sərnişinlərə xəsarət yetirmək imkanı olan əl yükünü (şüşə, linoleum, ruberoid, metal profil, taxta, tamasa, yığılmayan və çexolu olmayan velosiped və s.) aparmaq;
- əl yükünün daşınması üçün təkərli vasitələrdən (çanta-arabacıqlar istisna olunmaqla) istifadə etmək;
- özbaşına stansiya yollarına düşmək, vaqonun idarə kabinəsinə, xidməti, xidməti-texniki otaqlara, ventilyasiya şaxtası köşklərinə, tunellərə və Bakı Metropoliteninin çəpərlənmiş digər ərazilərinə daxil olmaq;
- binalara, tikililərə və qurğulara, stansiyaların, eskalatorların və vaqonların avadanlıqlarına ziyan vurmaq;
- işlək vəziyyətdə olmayan eskalatordan icazəsiz istifadə etmək;
- eskalatorda sürahiyə dirsəklənmək, sürahinin üstünə əşya qoymaq, sürahini çıxarmaq, hər hansı əşya atmaq, qaçmaq, oturmaq, zərurət olmadan balüstradada yerləşdirilmiş “Stop” açarından istifadə etmək;
- tezalışan, toksik və zəhərləyici maddələr, əşyalar və mayelər, məişət qaz balonları aparmaq;
- açıq oddan, pirotexniki qurğulardan (fişənglərdən, partlayıcılardan və s.) istifadə etmək;
- odlu silah, deşici əşyalar aparmaq;
- stansiyaların vestibüllərini, keçidlərini və platformalarını, eskalatorları, yolları və vaqonların salonunu zibilləmək və çirkləndirmək;
- yollara hər hansı əşya atmaq;
- Bakı Metropoliteni rəhbərliyinin icazəsi olmadan foto, video və kino çəkilişləri aparmaq;
- stansiyaların vestibüllərində, keçidlərində və platformalarında, eskalatorlarda, vaqonlarda hər hansı yazılar yazmaq;
- platformada qaçmaq, məlumat göstəriciləri ilə müəyyən olunmuş hərəkət istiqamətinə riayət etməmək, mütəşəkkil sərnişin axınına mane olmaq;
- qatar tam dayanana qədər sərnişin platformasının kənarındakı hüdud xəttini keçmək;
- “Ehtiyatlı olun! Qapılar bağlanır” elanından sonra vaqonun salonuna daxil olmaq, eləcə də vaqonun qapılarını tutub saxlamaqla vaqona minmək və ya vaqondan düşmək;
- qatarın hərəkəti zamanı vaqonun qapılarını açmaq, stansiyalarda qapıların açılıb-bağlanmasına mane olmaq, qatarın yola düşməsini ləngitmək;
- zərurət olmadıqda “sərnişin-maşinist” rabitəsindən istifadə etmək;
- metropoliten ərazisində diyircəkli konkilərdə, lövhələrdə və digər analoji təkərli və diyircəkli vasitələrdə hərəkət etmək;
- uca səsli audiotexnikaya qulaq asmaq, səsgücləndiricilərdən istifadə etmək və musiqi alətlərində çalmaq;
- müvafiq elandan sonra sərnişinsiz hərəkət etməli olan qatara minmək və ya qatardan düşməmək;
- Bakı Metropoliteni rəhbərliyinin icazəsi olmadan metropoliten ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada kommersiya, reklam və ya digər formada fəaliyyət göstərmək və hər hansı formada təbliğat aparmaq;
- Bakı Metropoliteninin bütün obyektlərinə, o cümlədən ventilyasiya şaxtaları köşklərinə 25 m-dən yaxın məsafədə zibil yandırmaq və tonqal qalamaq;
-Bakı Metropoliteni rəhbərliyinin icazəsi olmadan metropolitenin elektrik şəbəkəsinə elektrik işlədiciləri qoşmaq.
Bəs, görəsən, metropolitendən istifadə qaydalarının pozulması hansı məsuliyyətə səbəb olur?
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 306-cı maddəsinə görə metropolitendən istifadə qaydalarının pozulması inziabti xəta hesab edilir və inzibati məsuliyyətə səbəb olur. Belə ki, həmin maddənin birinci hissəsinə görə stansiyaların vestibüllərini, keçidlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görəon beş manat məbləğində cərimə edilir. Sözügedən maddənin ikinci hissəsinə əsasən eskalatordan sürahinin üstünə əşya qoymağa görə iyirmi manat məbləğində cərimə edilir.
Bu maddənin üçüncü hissəində təsbit edilir ki, dəmir yoluna hər hansı əşya atmağa görə otuz manat məbləğində cərimə edilir. Dördüncü hissəsində isə göstərilir ki,eskalatorun sürahisini çıxarmağa, zərurət olmadan “Stop” açarından istifadə etməyə, stansiyaların vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda tütün çəkməyə, qatarın hərəkəti zamanı vaqonun qapılarını açmağa, qatarın yola düşməsini ləngitməyə, özbaşına dəmir yoluna düşməyə, qatarın idarəetmə kabinəsinə, xidməti-texniki otaqlara, ventilyasiya şaxtası köşklərinə, tunellərə və metropolitenin işçiləri üçün nəzərdə tutulan çəpərlənmiş ərazilərə daxil olmağa, açıq oddan, pirotexniki qurğulardan (fişəng, partlayıcı və sair) istifadə etməyə görə əlli manat məbləğində cərimə edilir.
Qeyd olunan maddənin beşinci hissəsinə görə müvafiq icazə olmadan metropolitenin elektrik şəbəkəsinə elektrik işlədicilərini qoşmağa görə yetmiş manat məbləğində cərimə edilir. Maddənin altıncı hissəsinə əsasən isə metropolitenin ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə hər hansı əşya yandırmağa görə yüz manat məbləğində cərimə edilir.
Yunis XƏLİLOV
Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının müəllimi, hüquqşünas
