24Media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki qonağı İT mütəxəssisi Fərhad Mirəliyevdir. O, internetin sürətinin zəifləməsinin səbəblərindən və buna baxmayaraq internet qiymətinin niyə bahalaşması haqqında danışıb.
25 manata 100 Mbit/s sürət internet təklif edildikdən sonra sosial şəbəkələrdə internetlə bağlı şikayətlər artıb. Müxtəlif müşahidələr göstərir ki, internetin keyfiyyəti əvvəlki səviyyədədir, hətta bəziləri sürətin daha da zəif olduğunu bildirir. Bəs buna səbəb nədir?

Qeyd edilən məsələ ilə bağlı birmənalı fikir söyləmək qeyri-mümkündür. Çünki bu işdə müəyyən problemlər hər iki tərəfdən qaynaqlana bilər. Həm internet servis provayder tərəfdən, həm də istifadəçi tərəfindən. Bəzi nümunələr üzərində izləsək görərik ki, istifadəçinin evində sonlandırma qurğusu quraşdırılıb. Məsələn, bu bildiyimiz modemlər ola bilər və bu modemlərin bir standartları olur. Ola bilər ki, həmin modem sürətin artımına görə tənzimlənmir və ya o tələblərə cavab vermir və nəticədə, həmin sürəti çatdıra bilmir.
Əlavə olaraq, müşahidələr onu göstərir ki, əksər istifadəçilər internetə qoşulan zaman WiFi simsiz şəbəkədən istifadə edir. Simsiz şəbəkə özü də qeyri-stabil bir şəbəkədir, burada siqnallar qarışa bilər. Xüsusən də, 2.4 GHz tezliyində olan WiFi şəbəkəsi kənar təsirlərə çox həssasdır və sürətin ölçülməsi zamanı bu faktorlar əngəl ola bilər ki, həqiqətən də, düzgün sürəti göstərməsin.
İnternet servis provayder tərəfdən qaynaqlanan məsələlərə baxsaq, burada ümumi provayderin internet paylayıcı avadanlığının və infrastrukturun tələblərə cavab verməsi vacibdir. O cümlədən, internet trafiki tədarükü normalar daxilində olmalıdır. Məsələn, istifadəçi sayına uyğun olaraq tədarük görülür və əvvəllər bu əvvəlki sürət limitinə uyğun tədarük görülürdüsə, indiki normalarda artıq bu tədarük mütənasib olaraq artırılmalıdır. Əgər bu artım baş verilməsə, köhnə trafik tədarükü ilə işlər davam edərsə, o zaman istifadəçilər trafik aclığı deyilən bir problemlə üzləşmiş olur, bu da yekunda, müəyyən olunmuş sürəti əldə etməyə mane olur.
Nuray Mürsəlova
