Bu gün:

Soyuqdəymə zamanı hansı qidalardan imtina edilməlidir?


24Media.az-ın növbəti müsahibi Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovadır. O, soyuqdəymə zamanı imtina edilməli qidalardan danışıb.


Sizcə, soyuqdəymə zamanı hansı qidalardan imtina edilməlidir?



Yaz-payız aylarında havanın temperaturu dəyişməsi nəticəsində, insanlarda mövsümi qriplər eləcə də soyuqdəymələr baş verir. İmmun sistemi zəif olanlar, xroniki xəstəlikli şəxslər və digər risk daşıyan xəstəliyə sahib vərəndaşlar xəstəliklərə daha tez tutulurlar. Bu tip xəstəliklərdən qorunmaq üçün başlıca olaraq, hava temperaturuna uyğun şəkildə geyinmək eləcə də, immun sistemini gücləndirmək üçün bol-bol vitamin və minerallarla zəngin olan qidalardan istifadə etmək lazımdır. Məsələn, mövsümi meyvə-tərəvəzlər insanın sağlam qalmasında başlıca rol oynayan amillərdəndir.


Hazırda payız fəsli olduğuna görə, daha çox sitrus meyvələrdən, nar və limondan istifadə etməyi tövsiyə edirəm. Eyni zamanda, C vitaminli, liflərlə zəngin olan kivi mövsümü xəstəliklərin qarşısını almaqla yanaşı, bağırsaqların funksiyasını yaxşılaşdırır. Bəzi insanlar sitrus meyvələrə olan allergiyaya görə C vitaminini tam qəbul edə bilmir, belə şəxslər şirin yaşıl bibərlə vitamin əskikliyini tamamlaya bilərlər. Belə problemlə qarşılaşan insanlar çox yağlı, həddindən artıq qızardılmış yeməklərdən uzaq durmalıdır.


Havalar soyuduqca su qəbulunu azaltmaq orqanizmdə toksinlərin yığılmasına, immun sisteminin aşağı düşməsinə səbəb olur. Suyu qətiyyən azaltmayın. Çay, kofe digər qazlı və şirin içkilərdən fərqli olaraq su, ayran və meyvə-tərəvəzin tərkibindəki vitaminlər orqanizmin maye balansını təmin edə bilir.Nanə, zəncəfil, limon, bal qarışıqlı dəmləmələr də qəbul etmək bədəni daha da gücləndirib, xəstəliklərdən qoruyur. Əgər hər hansısa bir allergik reaksiya yoxdursa, səhər təbii baldan bir çay qaşığı qəbul edərək enerji depoluya bilərsiniz. Çalışın sağlamlığınızın qayğısına qalın ki, gələcəkdə daha böyük fəsadlara yol açılmasın.


Fidan İbrahim

Paylaş
Şərh əlavə et