Qərb dünyasında svastika faşizmin rəmzidir, lakin bu rəmz minilliklər ərzində dünya mədəniyyətlərində uğur və bəxtiyarlıq simvolu kimi qəbul edilib.
Bu rəmzin Avropada Nasist dövründən əvvəlki uzun tarixçəsi aşkarlandıqca svastika özünün mənfur yükündən xilas ola bilərmi?
Qədim Hind sanskritində "svastika" sözünün mənası rifah, bəxtiyarlıq olub. Bu simvoldan hindular, buddistlər və caynilər minilliklər ərzində istifadə edib və ümumən svastika Hind simvolu sayılır. Asiyaya Qərbdən gəlmiş ilk səyahətçilər bu rəmzin müsbət mənası və qədim tarixindən ilhamlanaraq savstikanı öz ölkələrində də yaymağa başlayıblar.
20-ci əsrin əvvəlində svastika lütfkarlıq, rifah və bəxt simvolu kimi dünyada geniş yayılmışdı.
"Svastika: bəraətə haqqı olmayan simvol?" adlı kitabında amerikalı tərtibatçı-rəssam Steven Heller bu simvoldan Qərbdə memarlıqda, reklam və məhsulun qablaşdırılması tərtibatında necə geniş istifadə olunduğunu göstərib. Kitab müəllifi deyir ki, "Coca-Cola, Carlsberg şirkətləri bu sivoldan məhsul qablaşdırılmasında istifadə edib. ABŞ-da gənc skautlar təşkilatı bu rəmzi mənimsəyib, "Girls' Club of America" qrupu nəşr etdiyi jurnala "Svastika" adı verib. Üzərində svastika çəkilmiş döş sancaqlarını isə bu jurnal nəşri yayan pərəstişkarlarına hədiyyə kimi paylayıb".
Svastika bir rəmz kimi ABŞ həbiyyəsi tərəfindən I Dünya müharibəsi dövründə istifadə olunub, bu simvolu Britaniya Hərbi Hava Qüvvələrinin (RAF) təyyarələrində 1939-cü ilədək görmək olardı. Lakin Almaniyada 1930-cu illərdə nasilər hakimiyyətə gələndən sonra svastikanın müsbət, lütfkar mənası "solmağa" başladı.
Nasilərin svastika rəmzinə verdiyi məna qədim Hindu mətnlərinə yeni yozum verən 19-cu əsr alman alimlərinin araşdırmalarına gedib çıxır.
O zaman bəzi alman linqvistləri və tarixçiləri sanskritlə alman dili arasında bənzərlik görərək hindlilərlə almanların eyni kökə malik olduğu fərziyyəsi əsasında insan inkişafının üstün pilləsində duran xəyali Ari irqinin qədim zamanlarda guya mövcud olmasını iddia edirdilər.
Mənbə: BBC
Tərcümə etdi: Məhəmməd Qasımov