Kifayət qədər sadə formul, lakin uzun tarixə malik olan sabun ixtirasından əvvəl insanların özlərini necə təmizlədiklərini düşünmək maraqlıdır.
Sadə formulaya malik olan sabunun çox geniş tarixə malik olmasına baxmayaraq, əsrlər boyu insanların əsas yuyunma vasitəsi su olub. Məsələn, eramızdan əvvəl 2600-1900-cü illərdə Pakistan, Hindistan və Əfqanıstan kimi tanınan bölgələrdə inkişaf edən Hind Vadisi Sivilizasiyasına aid Mohenco-daro şəhərindəki Böyük Hamam ən qədim məlum ictimai buxar hamamlarından biri hesab olunur. Bununla belə, təkcə buxarın təmizləmə baxımından məhdudiyyətləri var idi.
Missisipi Dövlət Universitetində maddi mədəniyyət üzrə ixtisaslaşan tarixçi Cudit Ridner qeyd edir ki, sabun şəxsi gigiyenada adi hala çevrilməzdən əvvəl “çox pis qoxan çoxlu insan var idi”.
Müasir sabunların tərkibində çox vaxt müxtəlif əlavə maddələr olsa da, sabunun əsas strukturu əslində kifayət qədər sadə qarışıqdan ibarətdir. Albany Dövlət Universitetinin kimyaçısı Kristine Konkol deyir ki, bu, əslində yağ turşusu duzudur, yəni qələvi (suda həll olunan birləşmə) və yağın birləşməsidir. Konkol bildirir ki, sabun molekulunun kimyəvi cəhətdən hidrofilik (suyu cəzb edən, su çəkən) başlığı və kir molekullarını əhatə edən və qaldıran hidrofobik (yağ çəkən, su itələyici) karbon zəncir quyruğu var.
Bu əsas düstur qədim sivilizasiyalarda ilk sabunların açarı hesab edilirdi. Bitkilər, heyvan ödləri, yağlar və qum və ağac külü kimi aşındırıcı maddələr bu primitiv təmizləyicilərin əsas tərkib hissəsi idi.
Sabuna bənzər maddələrin məlum olan ən qədim yazılı qeydləri Mesopotamiyadan gəlir və təxminən eramızdan əvvəl 2500-cü ilə aiddir. Gil tabletləri göstərir ki, şumerlər özlərini təmizləmək üçün su və natrium karbonatdan (bitki külündən alınan toz halında duz), yaraları təmizləmək üçün isə pivə və qaynar sudan istifadə ediblər.
Bir neçə yüz il sonra, Mesopotamiya bölgəsindəki Akkad İmperiyası xurma, iynəyarpaqlar və "tamarisk" adlı kol bitkisi kimi bitkilərin qarışığından istifadə etdi. Konkol və Rasmussen “Qədim dövrlərdə sabun” adlı məqalələrində belə bir qarışığın müasir sabunun əsas inqrediyentlərinə uyğun olduğunu izah edirlər: qələvi (tamarisk), yağ (xurma) və aşındırıcı (çam qozaları). Ridner deyir ki, həqiqətən də, “müasir sabunla qədim sabun arasında çox da fərq yoxdur”.
Mənbə: ntv.com
Tərcümə etdi: Aytac Musayeva
