Bu gün:

“İlk etməli olduğumuz vacib şey qarşımıza məqsəd qoymaqdır“


24media.az-ın növbəti qonağı ingilis dili müəlliməsi Almaz Əhmədovadır. O, self-study haqda danışıb.




Self-study (İngilis dili) üçün başlanğıcda nəyə diqqət edilməlidir? 


Self-study ilə İngilis dilini öyrənməyi qərara almışıqsa, ilk etməli olduğumuz vacib şey qarşımıza məqsəd qoymaqdır. Qərar verməliyik ki, İngilis dilini niyə öyrənirik. Səbəblər iş, səyahət, yüksək maaş və s. ola bilər. Səbəbi bizə məlumdursa, motivasiyamız davamlı olacaq. İkinci önəmli faktor isə İngilis dili səviyyəmizi öyrənməkdir. Üçüncüsü isə “study plan” hazırlamaq və düzgün materiallar tapmaqdır. 


Hansı metodları self-study (İngilis dili) üçün effektiv hesab edirsiniz? 


İngilis dilini öyrənmək üçün metodlar çoxdur. Bizə uyğun olanı seçə bilərik. Metodlara aktiv oxuma metodu, “shadowing”( gölgələmə) metodu, günlük yazma, “self talk”(öz özünə danışmaq) və s. aiddir. Mən dil öyrənərkən ən çox filmlər izləyib cümlələr üzərindən öyrənirdim, cümlələri olduğu kimi təkrar edirdim. “Self talk” metodunu istifadə edərək müxtəlif günlük mövzular haqqında öz özümə danışırdım. Bu metodu daha effektiv hesab edirəm.



Self-study(İngilis dili) üçün hansı resursları tövsiyə edirsiniz? 


Self-study ilə İngilis dilini öyrənərkən səviyyəmizə uyğun materialları tapmaq önəmlidir. Etibarlı saytlardan düzgün materiallar tapa bilərik. Bu saytlara Voice of America, BBC learning English aid ola bilər. Artıq 100-dən çox tələbələrlə çalışdığım üçün tələbələrin çətinliklərindən və ehtiyaclarından xəbərdaram. Bunun üçün self-study materialları hazırlamışam və üzərində işlədiyim yeni materiallar var. Materiallara hələ ki, “FRIENDS”, “How I met your mother”, “Ella Enchanted” film və serialları ilə dərsliklər, övladına İngiliscə öyrətmək istəyən valideynlər üçün isə “Övladınla rahat danış” kitabım aiddir. 


Bu metod üçün müntəzəm vaxt planı necə qurulmalıdır?


Bəzən dil öyrənənlər gündə saatlarla İngilis dilinə vaxt ayırır. Qrammatik kitablar oxuyur, testlər işləyir, dinləmə, oxu testləri edir. Amma bir müddət sonra həvəsdən düşür, yorulur və öyrənmə prosesini dayandırır. 


Bizə lazım olan yorulmadan, asan yollarla və əylənərək dili mənimsəməkdir. Ən əsası isə günlük həyatımızda İngilis dili ilə əhatələnməkdir. Günlük sevdiyimiz İngilis dili mahnılarını dinləmək, sevdiyimiz filmlərə, seriallara baxmaq, bizə lazım olan araşdırmaları İngiliscə aparmaq da çox kömək olacaq. Prosesdən nə qədər həzz alsaq, bir o qədər də tez və uğurlu nəticələr əldə edə bilərik.

Bu metodu necə qiymətləndirirsiniz? 


Mənim və tələbələrim üçün dil öyrənmə prosesini asanlaşdırdığı üçün hər kəsə önərirəm. Düşünürəm ki, dil öyrənmək riyaziyyat düsturlarını əzbərləmək kimi olmamalıdır, əksinə, həyat tərzinə çevrilməlidir.


Arzu İbrəhimova

Paylaş
Şərh əlavə et